01 mart 2023-cü il tarixində Bakı KOB evində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun tərəfdaşlığı ilə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda ictimai müzakirə keçirilib. Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının, bank və sığorta şirkətlərinin və biznes assosiasiyaların nümayəndələri iştirak ediblər və Azərbaycanda biznesə dəstək mexanizmləri, həmçinin mövcud vəziyyət və perspektivlərə dair aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Çıxışçılar sırasında isə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edib.
Sonra İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə zəmanət mexanizmi barədə təqdimat keçirilib. Tədbir çərçivəsində kredit zəmanət mexanizminin biznesin inkişafında roluna, mexanizmin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.