Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropanın süni intellekt sahəsində qlobal rəqabətdən geri qalmamalı olduğunu bildirib.
BBN.az xəbər verir ki, Laqard Cenevrədə Dünya İqtisadi Forumunun qərargahında çıxışı zamanı Avropanın əvvəlki texnoloji transformasiyaların yaratdığı imkanlardan kifayət qədər yararlana bilmədiyini qeyd edib.
Onun sözlərinə görə, informasiya və kommunikasiya texnologiyalarının geniş yayılması ilə yaranan kommersiya imkanlarından əsasən digər regionlar faydalanıb və Avropa ilk rəqəmsal inqilabı böyük ölçüdə əldən verib.
AMB rəhbəri süni intellektin isə “ikinci rəqəmsal inqilab” kimi qiymətləndirilməli olduğunu bildirib. Laqard Avropanın bu dəfə eyni səhvi təkrarlaya bilməyəcəyini vurğulayıb.
Bununla yanaşı, o, regionda müsbət tendensiyaların müşahidə olunduğunu diqqətə çatdırıb. Laqardın istinad etdiyi sorğu nəticələrinə əsasən, Avrozonadakı şirkətlər bu il ümumi investisiyalarının təxminən 9 %-ni süni intellekt texnologiyalarına yönəltməyi planlaşdırır.
Laqard Avropa şirkətlərinin qlobal rəqabət qabiliyyətini qoruması üçün texnologiyalara investisiyaların sürətləndirilməsinin vacib olduğunu bildirib. O, süni intellekt transformasiyasında həm dövlət, həm də özəl sektorun fəal iştirak etməli olduğunu qeyd edib.
Onun sözlərinə görə, süni intellektin yaratdığı imkanlardan istifadə Avropanın gələcək iqtisadi artımı və qlobal rəqabətdə mövqeyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.