Azərbaycanın 2025-ci il üzrə inflyasiya proqnozu artırılıb. Belə ki, əvvəlki proqnoza görə orta illik inflyasiya 4,6 faiz səviyyəsində nəzərdə tutulmuşdusa, cari ilin avqust ayında təqdim edilən son proqnoza əsasən bu göstərici 5,4 faiz təşkil edəcək. Mərkəzi Bankın iyul proqnozlarına əsasən, ölkədə illik inflyasiya 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz səviyyəsində gözlənilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, proqnozun artırılmasının başlıca səbəbi xarici təsirlərdir. Deputat qeyd edib ki, region bazarlarında qiymət artımları və Azərbaycana idxal olunan məhsullar üzrə qeydə alınan inflyasiya proqnoza yenidən baxılmasını zəruri edib. Onun fikrincə, daxili amillər – büdcə xərclərinin, əməkhaqqı, pensiya və sosial müavinətlərin artması da istehlak bazarında tələbi yüksəldərək qiymətlərə təsir göstərib.
“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli isə bildirib ki, inflyasiya proqnozunun yüksəlməsinə dünyada baş verən proseslər, o cümlədən qlobal bazarlarda logistika xərclərinin və bəzi məhsulların qiymətinin artması, ixraca məhdudiyyətlərin tətbiqi və regional münaqişələr təsir edib.
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, əsas səbəblərdən biri idxaldır. Onun sözlərinə görə, kommunal xidmətlərin bahalaşması və dolların digər valyutalara qarşı ucuzlaşması idxalın bahalaşmasına gətirib çıxarıb. İqtisadçı vurğulayıb ki, ərzaq inflyasiyasının yeddi faiz üzərində olması xüsusilə aşağı gəlirli əhali təbəqəsinin büdcəsinə mənfi təsir göstərir.
Ekspertlər inflyasiyanın azaldılması üçün idxaldan asılılığın minimuma endirilməsini, kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişaf etdirilməsini vacib hesab edirlər.