Mərkəzi Bankda sahibkarlar və kommersiya banklarının rəhbərləri ilə görüş keçirildi

Mərkəzi Bankda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyasi və sahibkarlarla birgə görüş keçirildi. Görüşün başlıca məqsədi sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq qurmaqla milli iqtisadiyyatın iki mühüm sütunu kimi real sektorla maliyyə sistemi arasında əlaqələrin miqyasını genişləndirmək və dərinləşdirmək, ən mütərəqqi iqtisadi-idarəetmə texnologiyaları ilə bu əlaqələrin keyfiyyətini yuksəltməkdən və bu sahədə mövcud olan problemlərin və onların həlli yollarını müəyyənləşdirməkdən ibarət idi.

Mərkəzi Bankın sədri Elman Rüstəmov görüşdə çıxış edərək Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair iqtisadi tənzimləmə institutları və maliyyə sektorunun qarşısında qoyduğu vəzifələri önə çəkdi və bildirdi ki, dövlət başçısının rəhbərliyi altında ölkədə makroiqtisadi və maliyyə sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülmüş və hazırda bu istiqamətdə genişmiqyaslı dərin islahatlar davam etdirilir. Ümumilikdə artıq 3-cü ildir ki, ölkədə makroiqtisadi sabitlik formalaşmışdır. İnflyasiyanın hədəf dəhlizində formalaşması iqtisadi şərtlərdə müəyyənlik yaratmış və iqtisadi fəallığa mühüm dəstək vermişdir. Milli valyutamızın məzənnəsi ölkədə makro-iqtisadi sabitliyin başlıca lövbəri kimi çıxış etmişdir. Əldə olunmuş makroiqtisadi sabitliyi nəzərə alaraq ötən il monetar şəraitin həm pulun dəyərinin azaldılması, həm də pulun həcminin artırılması istiqamətində yumşaldılması həyata keçirilmişdir.

Maliyyə sabitliyi məsələlərindən danışaraq bildirdi ki, ölkədə maliyyə sektoru üzrə bir sıra həssaslıqlar qalsa da, maliyyə sabitliyi qorunur və kredit aktivliyinin bərpa olunması davam edir. Real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, bütün səviyyələrdə təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.

Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, kommersiya banklarının rəhbərləri, sahibkarlar çıxış edərək bildirdilər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında bu cür tədbirlər yüksək əhəmiyyət daşıyır, bu sahədə davamlı aktiv dialoq sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, xüsusilə də qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfə verəcəkdir.

Görüşdə daha sonra sahibkarlarla maliyyə institutları arasında əməkdaşlığın perspektivləri, valyuta tənzimi, qiymətli kağızlar və səhm bazarı, maliyyə əlçatanlığı və mikromaliyyə institutlarının inkişafı, nağdsız hesablaşmaların inkişafı, problemli kreditlərin restrukturizasiyası məsələləri barədə çıxışlar dinlənildi, sahibkarlar və banklar üçün aktual problemlər ətrafında geniş müzakirələr aparıldı. Həmçinin ölkədə kapital bazarlarına sağlam iştirakçıların cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacibliyi önə çəkildi. Bütövükdə real sektorla maliyyə-bank sahəsinin uğurlu əməkdaşlığı üçün cəmiyyətdə maliyyə maarifləndirilməsi işinin bundan sonra daha da intensivləşdirilməsinin yüksək əhəmiyyəti qeyd olundu.

E.Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün çox faydalı olduğunu qeyd etdi. Bildirdi ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaqdır. Taktiki xarakter daşıyan məsələlərin həlli üzrə operativ tədbirlər görüləcək, strateji xarakter daşıyan və həlli qanunvericilik bazasının təkmilləşməsini və hökumətin qərarını tələb edən məsələlər üzrə isə Nazirlər Kabinetinə müvafiq təkliflər veriləcəkdir. Eyni zamanda qeyd olundu ki, bu cür görüşlər institutlaşacaq və müntəzəm surətdə keçiriləcəkdir.

 Görüşə yekun vurularaq bildirildi ki, Möhtərəm Prezidentin irəli sürdüyü inkişaf strategiyasına uyğun olaraq bu il və qarşıdakı ortamüddətli dövr ölkədə yeni iqtisadi inkişaf modelinə keçid makroiqtisadi və maliyyə sabitliyin dayanıqlığının qorunması, maliyyə-bank sisteminin real sektorun inkişafında rolunun artırılması baxımdan mühüm strateji horizont hesab olunur. Əminliklə vurğulandı ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni nəsil islahatlar cəmiyyətin bütün təbəqələrinin iqtisadi inkişafdan, güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını artıracaqdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı