Azərbaycanda 2026-cı ildən etibarən İslam bankçılığı məhsullarının tətbiqinə start verilməsi nəzərdə tutulub. Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində artıq ilk məhsulların bazara çıxarılması prosesi başlayıb, paralel olaraq normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam edir.
Bunu Trend-ə özəl müsahibəsində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
Baş direktor müsahibəsində islam bakçılığı məhsullarının Azərbaycan bazarına çıxarılması üzrə görülən tədbirlərdən, bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərdən, güzəşt mexanimzlərindən, beynəlxalq əməkdaşlıqdan və s. kimi məsələlərdən bəhs edib.
Ş. Mahmudzadə əvvəlcə İslam bankçılığı məhsullarının Azərbaycan bazarına çıxarılması üzrə artıq konkret addımların atıldığını bildirib. O xatırladıb ki, Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində 02.02.2026-cı ildən etibarən növbəti 1 il müddətinə “Rabitəbank” ASC tərəfindən İslam bankçılığı prinsiplərinə uyğun olaraq hüquqi və fiziki şəxslərdən vəsaitlərin “Mudaraba” əsasında cəlb edilməsini və həmin vəsaitlərin sahibkarlıq subyektlərinin əsas vəsaitlərinin və dövriyyə mallarının “Murabaha” mexanizmi ilə maliyyələşdirilməsi məhsulları artıq müştərilərə təklif olunur:
“Əlavə olaraq, cari ilin aprel ayından etibarən növbəti 1 il müddətinə xüsusi tənzimləmə rejimi çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən rezident hüquqi şəxslərin və fərdi sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklarının maliyyələşdirilməsi üzrə “Murabaha” məhsulunun müştərilərə təklif olunması nəzərdə tutulur.
İslam bankçılığına dair qanunvericilik aktlarına təklif olunan dəyişikliklər qüvvəyə mindikdən sonra “alternativ pəncərə” modeli çərçivəsində banklar tərəfindən istehsal və ya tikinti üçün sifariş əsaslı müqavilə növü – İstisna, satış-əsaslı (alğı-satqı) maliyyələşmə növü – Murabaha, icarə əsaslı maliyyələşmə növü – İjara (ənənəvi bankçılıq fəaliyyətində maliyyə lizinqinin analoqu), bankla müştəri arasında mənfəət və zərərin bölüşdürülməsinə əsaslanan maliyyələşmə (əmanət) növü – Mudaraba, tələbli depozitə bənzər əmanət əsaslı – Vadiə, BOKT-lər tərəfindən isə yalnız İstisna, Murabaha və İjaranın təqdim edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, AMB-nin İslam bankçılığı ilə bağlı qanunvericiliyə dəyişiklikləri 2025-ci ilin sonunadək hökumətə təqdim etməsi planlaşdırılırdı. Baş direktor hazırda Mülki Məcəllə, “Banklar haqqında” Qanun və Vergi Məcəlləsi üzrə dəyişikliklərlə bağlı görülən işlərdən də danışıb.
“Bu məsələ də vacib istiqamətlərdən biridir. Hazırda Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına təklif olunan müvafiq dəyişikliklər hüquqi ekspertizaya təqdim edilib. Dəyişikliklər layihəsinin ən qısa müddətdə hökumətə təqdim edilməsi planlaşdırılır. Eyni zamanda Məcəllə və Qanunlara dəyişikliklər layihəsinin qəbulundan sonra İslam maliyyə məhsullarının tətbiqindən irəli gələn risklərin tənzimlənməsi məqsədilə növbəti mərhələdə prudensial tənzimləmə çərçivəsinin müəyyən edilməsi nəzərdə tutulur”, – deyə Ş. Mahmudzadə vurğulayıb.
Mərkəzi Bankın Baş direktoru İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsi məsələsinə də toxunub.O qeyd edib ki, alternativ (İslam) bankçılıq fəaliyyəti çərçivəsində göstərilən maliyyə xidmətlərinin ənənəvi bankçılıq xidmətləri ilə eyni vergi rejiminə bərabər tutulması və ənənəvi və alternativ bankçılıq fəaliyyəti arasında vergi neytrallığının təmin olunmasına xidmət edir. Ş Mahmudzadə bildirib ki, qeyd olunan məsələ hazırda hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsində öz əksini tapıb və bildirdiyim kimi yaxın zamanda layihənin aidiyyəti dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulur.
“İslam bankçılığı pəncərələri” və ya “alternativ pəncərə” modeli çərçivəsində İslam bankçılığı məhsullarının təqdim edilməsi maliyyə inklüzivliyinin artırılması ilə yeni müştəri seqmentinin cəlbi və yeni məhsulların təqdim edilməsi vasitəsilə banklar üçün əlavə gəlirin yaranmasını təmin edir. Eyni zamanda, əmanət növlərinin genişlənməsi bankların likvidliyinin artmasına təsir edəcəkdir”, – Mərkəzi Bankın Baş direktoru qeyd edib.
Ş. Mahmudzadə eyni zamanda Azərbaycanda tam İslam prinsipləri ilə fəaliyyət göstərən bank olmadığını xatırrladıb və yaxın perspektivdə tam İslam banklarının yaradılmasının mümkün-olub-olmayacağına da aydınlıq gətirib:
“Model seçimi mərhələli yanaşma tələb edir. Artıq qeyd etdiyim kimi, yaxın perspektivdə İslam bankçılığının tətbiqi “İslam pəncərələri” modeli çərçivəsində nəzərdə tutulur. İslam banklarının yaradılması məsələsinə isə növbəti mərhələdə ölkədə İslam maliyyə məhsullarının tətbiqinin praktiki nəticələri və bazarın inkişaf dinamikası nəzərə alınaraq baxıla bilər”.
Ş. Mahmudzadə ölkədə sukuk emissiyası ilə bağlı normativ bazanın yaradılması üzrə atılan addımlardan da danışıb. O bildirib ki, hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Mərkəzi Bank tərəfindən İslam maliyyə aləti olan sukuk üzrə hüquqi çərçivənin yaradılması istiqamətində texniki yardım layihəsi icra olunmaqdadır:
“Ənənəvi istiqrazlardan fərqli olaraq, sukuk xalis borc münasibəti yaratmır, investorun konkret aktiv və ya layihə üzrə payçılıq hüququnu ifadə edir və beləliklə maliyyələşməni real iqtisadi fəaliyyətlə birbaşa əlaqələndirir. Bu xüsusiyyət onu sahibkarlıq subyektləri üçün əlavə maliyyə resursları təmin edən, investor etimadını gücləndirən və kapital bazarına çıxışı şaxələndirən vasitəyə çevirir. Kiçik və orta biznes (KOB) üçün sukuk maliyyə institutları vasitəsilə strukturlaşdırılmış mexanizmlərdən istifadə edərək, resurslarının artmasına və uzunmüddətli maliyyəyə çıxışın asanlaşmasına töhfə verə bilər.
İnfrastruktur layihələri baxımından sukuk uzunmüddətli və stabil maliyyə mənbəyi təqdim etməklə enerji, nəqliyyat, sənaye və daşınmaz əmlak kimi kapital tutumlu sahələrdə alternativ maliyyələşmə kanalı yarada bilər. Beynəlxalq təcrübə göstərir ki, layihə əsaslı sukuk strukturları iri infrastruktur layihələrinin maliyyələşdirilməsində geniş tətbiq olunur və investorların marağını cəlb etməklə maliyyə xərclərinin şaxələndirilməsinə imkan verir”.
Ş. Mahmudzadə həmçinin qeyd edib ki, sukuk bazarının mümkün yaranması fonunda beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq normativ və institusional potensialın gücləndirilməsi, texniki bilik və təcrübə mübadiləsinin aparılması baxımından əlavə imkanlar aça bilər. O vurğulayıb ki, orta və uzunmüddətli perspektivdə bu yanaşma Azərbaycanın regionda İslam maliyyəsi alətləri üzrə imkanlarının mərhələli şəkildə genişlənməsinə və xarici investor etimadının formalaşdırılmasına şərait yarada bilər.
Bundan başqa, AMB İslam maliyyəsinin inkişafında beynəlxalq əməkdaşlığı prioritet istiqamət kimi müəyyənləşdirib. Ş. Mahmudzdə bu istiqamətdə İslam İnkişaf Bankı, Pakistan və Malayziya kimi ölkələrin təcrübəsi əsasında Azərbaycanda mümkün tənzimləyici modellərin, şəriət nəzarəti mexanizmlərinin və kadr hazırlığı proqramlarının tətbiqindən də bəhs edib. Onun sözlərinə görə, beynəlxalq təcrübənin öyrənilməsi bu prosesdə vacib rol oynayır:
“Belə ki, islam maliyyəsinin tətbiqi və inkişafı üçün tənzimləyici və institusional çərçivənin formalaşdırılması ilə yanaşı, bu sahədə zəruri bilik və bacarıqlara malik kadr potensialının yaradılması əsas prioritetlərdən biri hesab olunur. Bu məqsədlə Türkiyə, Pakistan, Malayziya kimi ölkələrin qabaqcıl təcrübəsi öyrənilir, habelə İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq təcrübə mübadiləsi, bilik paylaşımı və kadr hazırlığı proqramlarında iştirak həyata keçirilir və növbəti mərhələlərdə də davam etməsi nəzərdə tutulur”.