ABŞ və Böyük Britaniyada mərkəzi bankların qərarları siyasi gündəmin bir hissəsinə çevrilir
Son həftələrdə ABŞ Federal Ehtiyat Sistemi (Fed) və İngiltərə Bankının (Bank of England) komitə üzvləri arasında qısamüddətli faiz dərəcələrinin istiqaməti ilə bağlı açıq mübahisələr müşahidə olunur. Bu isə mərkəzi bankların ənənəvi olaraq qorunan müstəqilliyi barədə ciddi suallar doğurur.
Ənənəvi olaraq monetar siyasətin dayağı mərkəzi bankların siyasi müdaxilədən uzaq fəaliyyəti sayılırdı. Ancaq indi, xüsusilə ABŞ və Böyük Britaniyada, siyasətçilər faiz qərarlarını öz nailiyyətləri kimi təqdim edir, bəzi hallarda isə mərkəzi bank rəhbərlərinə açıq hücumlar olunur. ABŞ-da keçmiş prezident Donald Tramp Fed sədri Jerome Powell-i sosial şəbəkədə sərt ifadələrlə tənqid edir, Böyük Britaniyada isə hökumət üzvləri faiz endirilməsini öz iqtisadi siyasətlərinin uğuru kimi göstərirlər.
Ekspertlər bildirirlər ki, bu vəziyyət “fiskal dominantlıq” adlanan yeni mərhələnin göstəricisidir. Yəni dövlətlərin böyüyən borc yükü və büdcə kəsiri fonunda monetar siyasət artıq siyasi məqsədlərə tabe olur. ABŞ federal borcu artıq 37,2 trilyon dollar təşkil edir və bu şəraitdə mərkəzi bankların inflyasiyanı hədəfləmək imkanları məhdudlaşır.
Avqustun son günlərində keçirilən ənənəvi Jackson Hole sammitində mərkəzi bankçılar rəsmi olaraq əmək bazarı, demoqrafik dəyişikliklər və makroiqtisadi siyasəti müzakirə edirlər. Lakin kuluar müzakirələrinin əsas mövzusu artıq aydındır: “Mərkəzi banklar necə müstəqil qala bilər və inflyasiya hədəfləməsini fiskal təzyiqlər altında necə qorumaq olar?”
Analitiklərin fikrincə, dünyada yeni mərhələ başlayır: mərkəzi bank ortodoksiyası dövrü arxada qalır, siyasi təsirdən asılı mərkəzi banklar dövrü isə reallığa çevrilir.
Mənbə: MoneyWeek