Azərbaycanda 2027-ci il üzrə icmal büdcə gəlirlərinin artacağı proqnozlaşdırılır.
BBN.az xəbər verir ki, Maliyyə Nazirliyinə istinadən məlumata görə, 2027-ci ildə icmal büdcə gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 94,2 milyon manat və ya 6,9% artaraq 48 milyard 63,6 milyon manat təşkil edəcək.
Proqnozlara əsasən, ortamüddətli dövrün sonuna bu göstəricinin daha da yüksələrək 53 milyard 799,9 milyon manata çatacağı, bu isə 8 milyard 830,5 milyon manat və ya 19,6% artım deməkdir.
Nazirlik bildirir ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsində payı 2027-ci illə müqayisədə 8,1 faiz bənd artaraq 69,1%-ə yüksələcək. Mütləq ifadədə isə bu gəlirlərin 18,8% artaraq 28,4 milyard manata çatacağı gözlənilir.
Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirlərinin 2027-ci illə müqayisədə 17% azalaraq dövrün sonuna 12,7 milyard manata enəcəyi proqnozlaşdırılır.
Qeyd olunur ki, büdcə gəlirləri əvvəlki illərin icra göstəriciləri və 2027-ci ildən sonrakı dövr üçün makroiqtisadi proqnozlar (ÜDM artımı, valyuta məzənnəsi, neft qiyməti və hasilat həcmləri və s.) əsasında hesablanıb. Hesablamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun aparılıb.
Ortamüddətli dövr üzrə proqnozlarda xam neftin qiyməti 2027–2030-cu illər üçün 65 ABŞ dolları/barel səviyyəsində götürülüb. Həmçinin neft-qaz sektorunda hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirliliyi nəzərə alınıb.
Nazirlik əlavə edir ki, qeyri-neft-qaz gəlirlərinin artımı əsasən qeyri-neft sektorunda ÜDM-in yüksəlməsi, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə və kölgə iqtisadiyyatının azaldılması ilə bağlıdır.