Maliyyə Nazirliyi 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı əsas məlumatları özündə əks etdirən “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb.
Hər il ənənəvi olaraq təqdim edilən bələdçi dövlət və icmal büdcələrin əsas parametrlərini, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işləri, büdcə gəlirlərinin formalaşma mənbələrini və xərclərin istiqamətlərini oxuculara aydın şəkildə çatdırır.
Bələdçidə 2026-cı ildə hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin sürətli bərpa və yenidənqurma işləri, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə xərcləri, həmçinin dövlətin əsas vəzifə və funksiyalarının maliyyə təminatı barədə geniş məlumatlar yer alır.
Sənəd beynəlxalq fiskal diaqnostika alətləri, xüsusilə Açıq Büdcə Sorğusu metodologiyası əsasında hazırlanıb və büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində atılan addımların tərkib hissəsidir.
Bu bələdçi vətəndaşlara büdcə prosesini daha yaxşı anlamaqda yardımçı olacaq və büdcə sahəsində məlumatlılığı artıracaq.