Sabah Milli Depozit Mərkəzi (MDM) Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən ötən ilin 1 oktyabr tarixində manatla buraxılmış istiqrazlar üzrə növbəti faiz (kupon) ödənişlərini həyata keçirəcək.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən edilən AZİR indeksinə uyğun hesablanan kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 586,22 manat təşkil edəcək.
Xatırladaq ki, sözügedən istiqraz emissiyasının ümumi dəyəri 50 milyon manatdır. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 000 manat olan 500 ədəd dəyişkən faizli, təminatsız, sənədsiz və adlı istiqraz buraxılıb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 6,35 % təşkil edir və kupon ödənişləri rüblük əsasda həyata keçirilir.
Qeyd edək ki, emissiyanın anderrayterləri “ABB-İnvest” və “Unicapital” investisiya şirkətləridir.