Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Cənubi Qafqazın yeni sülh arxitekturası, regional diplomatiya və media savadlılığı” mövzusunda təlim təşkil olunub.
BBN.az xəbər verir ki, təlimdə 2025-ci ilin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün əlamətdar siyasi proseslərlə yadda qaldığı qeyd olunub. Xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ölkəmizin təşəbbüsü ilə başlanan sülh prosesinin məntiqi nəticəsi kimi dəyərləndirilib.
Bildirilib ki, Azərbaycanın ardıcıl və prinsipial diplomatiyası nəticəsində 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər artıq regionda yaranmış yeni geosiyasi reallıqları qəbul edir və Azərbaycanla münasibətlərdə yeni mərhələ açmağa hazır olduqlarını nümayiş etdirirlər.
Qeyd olunub ki, XİN və BMTM tərəfindən təşkil edilən təlimin əsas məqsədi bu proseslərin mahiyyəti və beynəlxalq siyasi əhəmiyyəti barədə media nümayəndələrinin peşəkar və analitik hazırlıq səviyyəsinin artırılmasına töhfə verməkdir.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqində bildirib ki, artıq üçüncü ildir keçirilən bu tip media təlimləri xarici siyasət mövzusunda ixtisaslaşan jurnalistlərin məlumatlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi milli maraqların beynəlxalq müstəvidə düzgün və obyektiv şəkildə təqdim olunmasına xidmət edir.
Təlimin birinci hissəsində XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə, BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev və XİN-in Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi Şahin Şahyarov regional sülh prosesi, Azərbaycanın geosiyasi rolu və beynəlxalq münasibətlər mövzularında çıxış ediblər.
İkinci hissədə isə BMTM-in şöbə müdiri Vasif Hüseynov və aparıcı məsləhətçi Sultan Zahidov Azərbaycan-ABŞ, Azərbaycan–Fransa münasibətləri, Avropa İttifaqının regiondakı rolu, eləcə də Azərbaycanın xarici siyasətində Asiya istiqaməti üzrə perspektivlər barədə məlumat veriblər.
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb. Tədbirdə ümumilikdə 19 media nümayəndəsi iştirak edib və sonda onlara sertifikatlar təqdim olunub.