“Microsoft” süni intellekt texnologiyalarında istifadə olunan öz çiplərinin istehsalını genişləndirməyi planlaşdırır.
BBN.az xəbər verir ki, “The Information” mənbələrə istinadən şirkətin bu ilin payızında yeni nəsil “Maia 300” çiplərini təqdim etməyə hazırlaşdığını yazıb.
Məlumata görə, texnologiya nəhəngi 2027-ci ildə tədarük edilməsi nəzərdə tutulan 300 mindən artıq çip üçün istehsal imkanlarının təmin olunması məqsədilə Tayvanın “Taiwan Semiconductor Manufacturing Co.” (TSMC) şirkəti ilə danışıqlar aparır.
Bu addım “Microsoft”un süni intellekt çipləri sahəsində istehsal gücünü artırmaq və texnologiya infrastrukturu üzrə ehtiyaclarını daha geniş şəkildə öz məhsulları hesabına qarşılamaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Qeyd olunur ki, “Microsoft” da daxil olmaqla bir sıra iri texnologiya şirkətləri süni intellekt üçün xüsusi çiplər hazırlamaqla “Nvidia”dan asılılığı azaltmağa çalışırlar.
“The Information”un məlumatına əsasən, “Microsoft”un rəhbər nümayəndələrindən biri istehsal planlarının detalları ilə bağlı açıqlama verməyib. Bununla belə, o bildirib ki, şirkətin uzunmüddətli hədəfi “Maia” çiplərinin istehsalını qiqavat səviyyəsinə çatdırmaqdır.