Son illər ərzində Azərbaycan bank sektorunda kredit portfelində xarici valyutada olan kreditlərin payı nəzərəçarpacaq dərəcədə azalıb və bu hal artıq ciddi risk amili kimi qiymətləndirilmir.
BBN.az xəbər verir ki, bu barədə “Moody’s Ratings” agentliyinin kiçik vitse-prezidenti Lev Dorf məlumat verib.
Onun sözlərinə görə, hazırda kredit portfelində xarici valyutada verilmiş kreditlərin ümumi payı təxminən 15 %-ə enib. Halbuki 2020-ci ildə bu göstərici 30 %-ə yaxın idi. Dorf əlavə edib ki, bu müddət ərzində kredit portfellərinin keyfiyyəti də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Belə ki, 2025-ci ilin ortası etibarilə 90 gündən çox gecikmiş problemli kreditlərin ümumi kredit portfelindəki çəkisi 2,8 %-ə düşüb. Müqayisə üçün, 2021-ci ilin sonuna bu göstərici 4 % səviyyəsində idi.
O, pərakəndə satış, kiçik və orta sahibkarlıq seqmentlərinə yönəlmiş kreditləşmənin artmasının da bank sektorunda risklərin daha balanslı şəkildə yayılmasına və dayanıqlılığın güclənməsinə yardım etdiyini bildirib.
Lev Dorf həmçinin qeyd edib ki, ölkədə mövcud olan sabit makroiqtisadi şərait, qeyri-neft sektorunun davamlı inkişafı və əhalinin gəlir səviyyəsinin artması borcalanların öhdəliklərini vaxtında yerinə yetirməsinə, eləcə də bank sisteminin maliyyə sabitliyinin möhkəmlənməsinə töhfə verir.
Rəqəmlərə gəldikdə isə, rəsmi statistikaya əsasən, 2025-ci il iyulun 1-nə olan vəziyyətə görə ölkədə fəaliyyət göstərən 22 bankın ümumi kredit portfeli 28,472 milyard manat təşkil edib ki, bu da son bir il ərzində 11,96 %-lik artım deməkdir. Bu məbləğin 14,58 %-i və ya 4 milyard 152 milyon manatı xarici valyutada verilmiş kreditlərin payına düşür.
Həmin tarixə bank sektorunun ümumi depozit portfeli isə 37,353 milyard manat səviyyəsində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % artım deməkdir. Depozitlərin 40,75 %-i və ya 15,224 milyard manatı ABŞ dollarında saxlanılan əmanətlərdən ibarətdir.