“Moody’s” beynəlxalq reytinq agentliyi yaxın 12–18 ay ərzində Azərbaycanın bank sektorunun strukturunda mühüm dəyişikliklərin baş verməsinin gözlənilmədiyini açıqlayıb.
Hesabata əsasən, 2025-ci ilin sentyabr ayına olan məlumata görə, ölkədə 22 bank fəaliyyət göstərir. Onlardan ikisi dövlət bankı, doqquzu xarici kapitallı bank, biri isə xarici bankın yerli filialıdır. Bu göstərici 2020-ci ilin sonunda fəaliyyət göstərən 26 bankla müqayisədə azalmadır. Agentlik bildirir ki, yaxın dövrdə sektorda struktur dəyişiklikləri proqnozlaşdırılmır və bank bazarı yüksək konsentrasiyaya malik olaraq qalır. 2025-ci ilin ortalarında ən böyük dörd bank ümumi bazar payının 69 faizinə sahib olub.
“Moody’s” həmçinin qeyd edir ki, banklar üçün maliyyələşmə imkanları depozitlərin yüksək dollarlaşma səviyyəsi ilə məhdudlaşır. Bu isə depozit bazasının həssaslığını artırır və topdansatış kapital bazarlarına çıxışı bahalaşdırır.
Agentliyin məlumatına görə, xarici valyutada saxlanılan depozitlərin payı MDB regionunda ən yüksək göstəricilərdən biri olmaqda davam edir — 2025-ci ilin sentyabrında bu göstərici 38 faiz təşkil edib (2020-ci ildə 56 faiz idi). Bununla belə, mərhələli dollarsızlaşdırma və dövlət dəstəyi hesabına manat likvidliyi yaxşılaşıb.
Hesabatda vurğulanır ki, müştəri depozitləri bankların əsas maliyyələşmə mənbəyidir — 2025-ci ilin sentyabrına bu depozitlər sistem üzrə öhdəliklərin təxminən 75 faizini təşkil edib. Daha sonra maliyyə institutlarından alınan kreditlər gəlir. Bankların topdansatış bazarından və transsərhəd maliyyələşmədən asılılığı aşağı olaraq qalır.
Bundan əlavə, bank sisteminin aktivlərinin təxminən 39 faizi nağd vəsaitlər, onların ekvivalentləri, banklara tələblər və dövlət/kvazi-dövlət qiymətli kağızlarına yatırımlardan formalaşıb ki, bu da xarici şoklara qarşı güclü likvidlik buferi yaradır.