Yaxın Şərqdə artan geosiyasi gərginliklərə baxmayaraq, Qafqaz və Mərkəzi Asiya (CAC) ölkələrinin bank sistemləri üçün makromaliyyə şəraitin sabit qalacağı gözlənilir.
Bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Agentliyin qiymətləndirməsinə əsasən, CAC regionunda iqtisadi artım tempi digər regionlarla müqayisədə yüksək olaraq qalır və bu amil bank sektorunun fəaliyyətini dəstəkləyir.
“Moody’s” bildirib ki, Azərbaycan da daxil olmaqla region ölkələrinin Yaxın Şərqə iqtisadi asılılığı məhduddur. Qeyd olunub ki, Azərbaycan və digər CAC ölkələri Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrindən hidrokarbon idxal etmir, həmin ölkələrlə ticarət əlaqələrinin həcmi isə aşağı səviyyədədir.
Agentliyin məlumatına görə, Azərbaycanın GCC ölkələrindən mal idxalının ümumi idxaldakı payı 1 %-dən azdır. Bu isə Yaxın Şərqdə baş verə biləcək iqtisadi şokların ölkəyə birbaşa təsirini məhdudlaşdırır.
Hesabatda vurğulanıb ki, regionun maliyyə göstəriciləri 2022–2023-cü illərlə müqayisədə daha güclü olaraq qalır. Bank sistemlərində kapital adekvatlığı, likvidlik və aktiv keyfiyyəti göstəricilərinin sabit səviyyədə olduğu qeyd edilib.
“Moody’s”in fikrincə, enerji qiymətlərinin artması neft və qaz ixracatçısı olan Azərbaycan üçün əlavə fiskal gəlirlər yarada və ölkənin xarici mövqeyini daha da gücləndirə bilər.
Agentlik əlavə edib ki, Azərbaycanın yüksək strateji valyuta ehtiyatları və güclü xarici balansı qlobal geosiyasi risklər fonunda maliyyə sabitliyini dəstəkləyən əsas amillərdən biridir.