Nar bağlarının sığortası üzrə bölgələrdə fermerlərlə görüşlər başlayıb

Sabirabadın Qasımbəyli və Kürdəmirin Ərəbqubalı kəndlərində hər il minlərlə ton nar tədarük edilir

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi meyvə bağlarını, o cümlədən nar bağını çoxsaylı risklərdən qorumağa imkan verir.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Bununla əlaqədar olaraq Fondunun nümayəndələri Sabirabad və Kürdəmir rayonlarının nar bağları üzrə ixtisaslaşan kəndlərində görüşlər keçiriblər.

Görüşlərdə bildirilib ki, ölkəmizdə sürətlə artan nar bağları kənd təsərrüfatı ilə yanaşı, ölkədən ixrac prosesində də mühüm məhsula çevrilməkdədir.

Rəsmi məlumatlara əsasən 2021-ci ildə Azərbaycandan xarici ölkələrə 29,2 milyon dollarlıq, 2022-ci ildə 31,6 milyon dollarlıq nar məhsulu ixrac edilib. 2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan ümumi dəyəri 27,4 milyon dollar olan 25 260 ton nar məhsulu ixrac edilib. Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir.

Sabirabad rayonunun Qasımbəyli, Kürdəmir rayonunun Ərəbqubalı kəndləri nar üzrə ixtisaslaşıb. Qasımbəyli kəndində hər il bir neçə min ton, Ərəbqubalı kəndində isə 10 min tondan artıq nar tədarük edilir. Ötən il baş verən müxtəlif hadisələr nəticəsində bu kəndlərdəki nar bağlarına zərər dəyib, amma bağların sığortası olmadığına görə bu zərərlər qarşılanmayıb.

Görüşlərdə fermerlərə aqrar sığorta, onun üstünlükləri, nar bağlarının sığortalanması üsulları və sığorta tarifləri barədə məlumat verilib. Bildirilib ki, aqrar sığorta nar bağlarını və məhsulunu təbiət hadisələrindən, dolu, qasırğa, fırtına, sel-subasma, leysan yağışları, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərdən qoruyur.

50%-lik dövlət dəstəyini nəzərə alanda sözügedən bölgələrdə hər 1000 manatlıq nar məhsulunun sığortalanması fermerlərə cəmi 8,2 manata və ya 10 min manatlıq məhsul üçün 82 manata başa gəlir. Əlavə ödəniş etməklə bağı bir sıra digər risklərdən də sığortalamaq mümkündür.

Görüşlərlə fermerlər bildirib ki, ötən il müxtəlif hadisələr, o cümlədən yağış, 3-cü şəxslərin hərəkətləri və xəstəliklər nəticəsində nar bağlarına zərər dəyib, məhsuldarlıq azalıb, əldə edilən məhsul isə yararsız hala düşüb. Onlar aqrar sığortaya böyük maraq göstərib, sığortanın sərfəli olduğunu bildiriblər.

Fermerlər nar bağının sığortası üçün aqrar sığortanın əhatə etdiyi risklər və hadisələr, sığorta tarifləri, 3-cü şəxsin hərəkətləri barədə Fond nümayəndələrinə çoxsaylı suallar ünvanlayıb, təkliflər səsləndiriblər. Müzakirə zamanı bu təkliflərin araşdırılacağı və kəndlərdə görüşlərin davam etdiriləcəyi bildirilib.

Əhalini aqrar sığorta barədə məlumatlandırmaq üçün Fond nümayəndələri tərəfindən bölgələrdə görüşlər davam etdirilir.

Xatırladaq ki, aqrar sığorta mexanizmi ümumilikdə 41 bitki üzrə 48 məhsulu sayca 29 riskdən qorumağa imkan verir. Aqrar Sığorta Fondunun sığorta məhsulları, məhsul şərtləri və sığorta tarifləri ilə Fondun rəsmi internet səhifəsində (asf.gov.az) tanış olmaq mümkündür.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı