Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov, “Azərenerji” ASC, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Enerji Company” (AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib.
Nazirliyin məlumatına görə, görüşdə Muxtar Respublikada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, müasir şəbəkə infrastrukturunun qurulması və enerji sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edilib. Zəngəzur dəhlizinin enerji komponenti üzrə həyata keçirilən işlər, o cümlədən enerji sistemlərinin birləşdirilməsi, Naxçıvandan elektrik enerjisinin ixrac edilməsi perspektivləri nəzərdən keçirilib. Naxçıvanda 50 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı “CEI Nakhchivan” MMC və “Enerso” MMC ilə əməkdaşlıq ölkəmizin “yaşıl enerji” gündəliyində mühüm mərhələ kimi dəyərləndirilib.
Yekunda Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Həmçinin Azərbaycan Hökuməti və “Azərenerji” ASC ilə “Enerso” MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.