İstismarına icazə verilmiş binalardakı mənzillərin səyyar formada dövlət qeydiyyatı 24-28 fevral tarixlərində paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında keçiriləcək.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində təşkil olunan səyyar xidmətdən 24 fevralda Nizami rayonu, Özbəkistan küçəsi, 2436-cı məhəllə ünvanındakı, 25 fevralda Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin kəsişməsindəki çoxmənzilli binaların sakinləri yararlanacaqlar. Binəqədi rayonunda mobil qeydiyyat 26 fevralda M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3024, E.Babayev küçəsi, 27 fevralda C.Xəndan küçəsi, 3203-cü məhəllədəki binalarda təşkil ediləcək. 28 fevralda isə qeydiyyat xidməti Xətai rayonu, Mərkəzi Bulvar küçəsi 2, 2a, 2b, 2c, 2d, 2e ünvanlarında göstəriləcək.
Qeyd edək ki, həftə ərzində qeydiyyat kampaniyası 926 mənzili əhatə edəcək. Xidmətdən istifadə etmək istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri mobil qeydiyyat ofisinə təqdim etməlidir.