NVIDIA şirkəti 2027-ci maliyyə ilinin birinci rübü üçün açıqladığı hesabatda inanılmaz göstəricilərə imza atıb və süni intellekt infrastrukturuna olan tələbat fonunda yeni rekordlar qırıb. Qeyd edək ki, şirkətlər maliyyə hesabatlarında özlərinə məxsus maliyyə təqvimlərindən istifadə edirlər və NVIDIA-nın 2027-ci maliyyə ili 2026-cı təqvim ilinin müvafiq dövrlərini əhatə edir.
Şirkətin rüblük gəliri illik müqayisədə 85% artaraq 81,6-82 milyard dollar səviyyəsinə çatıb. Hissə başına düşən mənfəət (EPS) 1,87 dollar təşkil edərək, analitiklərin 1,77 dollarlıq proqnozlarını üstələyib. Xalis mənfəət isə ötən ilin eyni dövrü ilə müqayisədə 211% artaraq 58 milyard dolları keçib.
Şirkətin əsas gəlir mənbəyi olan Data Mərkəzləri seqmenti 92% artımla 75,2 milyard dollar gəlir əldə edib. Bu artımın əsasında 77% yüksəliş göstərən hesablama (compute) texnologiyaları və 199% artaraq 14,8 milyard dollara çatan şəbəkə həlləri dayanır. NVIDIA-nın baş icraçı direktoru Jensen Huang bu dövrü “insanlıq tarixində ən böyük infrastruktur genişlənməsi” kimi xarakterizə edib.
Şirkət rəhbərliyi səhmdarlara yönələn dəstəyi də artırıb: əlavə 80 milyard dollarlıq səhm geri alımı təsdiqlənib və rüblük dividentlər 0,01 dollardan 0,25 dollara yüksəldilib. Növbəti rüb üçün proqnoz gəlirləri 91 milyard dollar səviyyəsində müəyyən edilib. NVIDIA bundan sonra öz fəaliyyətini iki əsas istiqamət – “Data Mərkəzləri” və “Edge Computing” (robototexnika, avtomobil və fiziki süni intellekt tətbiqləri) üzərində cəmləyəcək.