Ödəniş kartları ilə aparılan təmassız əməliyyatların limiti yüksəldilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli, 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda Mərkəzi Bankın qarşısına qoyulan əsas hədəflərdən biri innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılmasıdır.

Son illərdə ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər nəticəsində təmassız ödəniş infrastrukturunda ciddi irəliləyişlər müşahidə olunur. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 26%-i (2.3 mln. ədəd), POS-terminalların isə 53%-i (29.5 min) təmassız ödənişləri dəstəkləyir. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin analoji dövründə bu göstəricilər müvafiq olaraq 7% (409 min ədəd) və 32% (21 min ədəd) olmuşdur.

Xüsusilə pandemiya dövründə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqəmsallaşmanın zəruriliyi, təmassız ödənişlər, elektron ticarət, elektron bankçılıq xidmətləri daha da aktuallaşmışdır. Pandemiya şəraitində virusun səthə toxunaraq yayılması faktı əhali tərəfindən POS-terminala toxunmadan aparılan təmassız ödənişlərə üstünlük verilməsinə səbəb olmuşdur. Pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitləri yüksəldilmişdir. Mərkəzi Bank analoji təcrübədən yararlanaraq, kartlar vasitəsilə PİN-kod daxil edilmədən aparılan təmassız ödəniş limitini hazırki 50 (əlli) manat səviyyəsindən 100 (yüz) manata yüksəltmişdir. Nəticə etibarilə, istehlakçılar üçün gündəlik əsasda həyata keçirilən təmassız ödənişlərin daha rahat, sürətli və təhlükəsiz formada aparılması imkanları genişləndirilmişdir.

Mərkəzi Bank ölkədə təmassız kart infrastrukturunun genişləndirilməsi strategiyasına uyğun olaraq, yaxın gələcəkdə bütün bank kartları və POS-terminalların təmassız ödənişləri dəstəkləməsi istiqamətində bank sektoru ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirməkdədir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı