OPEC 2026-cı ildə qlobal neft tələbatının artımına dair proqnozunu ardıcıl üçüncü dəfə azaldıb.
BBN.az təşkilatın aylıq hesabatına istinadən xəbər verir ki, gələn il qlobal neft tələbatının gündəlik 780 min barel artaraq 105,94 milyon barelə çatacağı gözlənilir. Əvvəlki proqnozda bu göstəricinin 106,13 milyon barel olacağı bildirilirdi.
Proqnozun aşağı salınması əsasən Çin və Hindistanda neft istehlakı ilə bağlı gözləntilərin zəifləməsi ilə əlaqələndirilir. OPEC-in qiymətləndirməsinə görə, Çində gündəlik neft tələbatı 120 min barel artaraq 17 milyon barelə, Hindistanda isə 90 min barel artaraq 5,7 milyon barelə yüksələcək. Hər iki göstərici əvvəlki proqnozlardan aşağıdır.
Təşkilat, həmçinin Avropada neft istehlakının azalacağı ilə bağlı gözləntilərini artırıb. Hazırkı proqnoza əsasən, regionda gündəlik neft tələbatı 90 min barel azalaraq 13,34 milyon barel təşkil edəcək.
Hesabatda qeyd olunub ki, OPEC 2025-ci il üzrə qlobal neft tələbatı proqnozunu dəyişməyərək gündəlik 105,16 milyon barel səviyyəsində saxlayıb. Təşkilat 2027-ci ildə isə qlobal neft istehlakının 107,86 milyon barelə yüksələcəyini gözləyir.
Analitiklərin fikrincə, qarşıdakı illərdə qlobal neft tələbatının əsas artım mənbəyi qeyri-İƏİT ölkələri olacaq. İnkişaf etməkdə olan iqtisadiyyatlarda enerji istehlakının artması bazarda tələbi dəstəkləyən əsas amillərdən biri hesab edilir.
OPEC-in ilkin məlumatına görə, may ayında İƏİT ölkələrində kommersiya neft ehtiyatları əvvəlki ayla müqayisədə 21,8 milyon barel azalaraq 2,77 milyard barelə düşüb. Bu göstərici həm ötən ilin eyni dövrünün, həm də son beş ilin orta səviyyəsinin altında qalıb.