Ötən ay Azərbaycanda inflyasiyanın kəskin azalmasının səbəbi açıqlanıb

Ötən ay Azərbaycanda illik inflyasiya 1.7% təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar ayında 12.5%, ötən ilin yanvar ayında isə 13.6% təşkil edib. Ötən ay ölkədə illik inflyasiyanın kəskin enməsinə nə təsir edib?

BBN.az bu barədə İqtisadiyyat Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 2023-cü il ərzində ölkəmizdə inflyasiyada əvvəlki illə müqayisədə azalma davam edib.

Məlumatda “2023-cü ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1.7%-ə enib”, – deyə qeyd olunub.

Nazirlikdən həmçinin bildirilib ki, eyni zamanda, 2023-cü il ərzində orta illik inflyasiya (2022-ci ilin göstəricisi ilə müqayisədə 5,1 faiz bəndi azalaraq) 8,8 faiz təşkil edib:

“Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.

Qeyd edilənlərlə yanaşı, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir edib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı