Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Prezident büdcə, mühasibat və dövlət satınalmalarında rəqəmsallaşmanı təsdiqlədi - BBN

Prezident büdcə, mühasibat və dövlət satınalmalarında rəqəmsallaşmanı təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin fevralın 20-də qəbul etdiyi “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklər dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, dövlət başçısının “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2025-ci il tarixli fərmanına əsasən Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələr üzrə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması müəyyən edilib. Bu sistem büdcə, vergi, gömrük, dövlət rüsumları, dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər üzrə dividendlər və digər büdcə daxilolmaları, audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, xəzinədarlıq, dövlət borcu və maliyyə öhdəliklərinin idarə olunmasını əhatə edəcək.

Fərmana əsasən, dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən qurumların və dövlətə məxsus hüquqi şəxslərin maliyyə sənədlərinin elektron qaydada mübadiləsi təmin ediləcək. Həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınması elektron müqavilələr əsasında həyata keçiriləcək və müqavilələrin elektron formada bağlanılması təşkil olunacaq.

“Büdcə sistemi haqqında” qanuna edilən dəyişikliyə əsasən, dövlət büdcəsi və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri məlumatların büdcə təşkilatları tərəfindən təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların müvafiq orqan tərəfindən çatdırılması “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu, sənəd dövriyyəsinin elektronlaşdırılmasına, inzibatçılığın azaldılmasına və büdcə prosesinin çevikliyinin artırılmasına xidmət edəcək.

“Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliklə “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunub. Yeni yanaşmaya əsasən, mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının (o cümlədən birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsi birbaşa “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi üzərindən həyata keçiriləcək.

“Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliklərə görə isə satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında müqavilələr elektron qaydada – “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq. Eyni zamanda, aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyənləşdirilməsi və tələb olunan məlumatların sistem vasitəsilə portala ötürülməsi kimi məsələlər də elektron qaydada tənzimlənəcək.

Qəbul edilən dəyişikliklərin dövlət maliyyə idarəçiliyində vahid rəqəmsal platformanın formalaşdırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə töhfə verəcəyi bildirilir.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Bank aktivləri 56 milyardı keçdi: Sektor həqiqətən dayanıqlıdırmı?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı