Prezident İlham Əliyev Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verdi

Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan Qarabağ dayaq blokunun dənizə yola salınmasına start verildi. Dayaq bloku Qarabağ yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədi ilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb.Əvvəlcə dövlətimizin başçısına Qarabağ dayaq blokunun tikintisindən bəhs edən film nümayiş olundu. Azərbaycan Respublikasının Prezidentinə məlumat verildi ki, Qarabağ layihəsi üzrə hazırlanmış dayaq bloku, SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə hazırlanmış ən böyük sualtı konstruksiyadır. Dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislərdir. Tikinti zamanı əməyin təhlükəsizliyi qaydalarına tam əməl olunub, heç bir bədbəxt hadisə baş verməyib. Blokun tikintisi iki il müddətinə başa çatıb. Blokun hazırlanmasına 3.200.000 adam/saat sərf olunub. “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Qeyd olunmuşdur ki, dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir. Dayaq Blokunda perimeter üzrə gediş yolları quraşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dayaq Blokunda görülmüş işlərlə tanış olmuş, Dayaq Blokunun Qarabağ yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacağına əminliyini ifadə etmişdir. Sonra Azərbaycan Respublikasının Prezidenti Dayaq Blokunun “STB-1” daşıma barjına yüklənməsini bildirən düyməni işə salmışdır.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı