Qazaxıstan Azərbaycanla E-KYC (“Öz Müştərini Tanı”) sistemi üzrə ortaq təcrübə mübadiləsi aparmaq niyyətindədir.
Bunu Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyası sədrinin müavini Yuliya Salehova Baku Fintech Forum 2025 çərçivəsində çıxışı zamanı bildirib.
Salehova qeyd edib ki, E-KYC sistemində yalnız bankların deyil, həm də ödəniş xidməti təminatçılarının iştirakı vacibdir:
“Bu sistemin Qazaxıstanda tam işləmədiyini görəndə təəssüflənirəm. Ümid edirəm ki, gələcəkdə bu təcrübəni Azərbaycanla qarşılıqlı şəkildə paylaşa biləcəyik.”
O, həmçinin ölkəsinin “regulatory sandbox” təcrübəsinə də toxunub. Bildirib ki, “sandbox” və open banking hələ tam gücü ilə işləməsə də, bu sistemlər texnoloji və biznes modellərinin sınaqdan keçirilməsinə imkan yaradır.
“Bütün testlər məhdud müştəri və əməliyyat sayı ilə ciddi nəzarət altında həyata keçirilib. Bu, bazarın tələblərini və tənzimləmə boşluqlarını daha dəqiq görməyə imkan verib,” – deyə Salehova vurğulayıb.
Onun sözlərinə görə, Qazaxıstanda bəzi açıq bankçılıq xidmətləri fəaliyyət göstərsə də, bazar hələ tam hazır deyil. Böyük banklar mövcud infrastrukturlarına görə açıq bankçılıq sisteminə qoşulmaqda maraqlı deyillər. Kiçik oyunçular üçün isə bu sistem yeni imkanlar açır.
“Qazaxıstan bazarı inkişaf edir və müsbət addımlar atılır. Lakin hələ də təkmilləşdirilməsi vacib olan istiqamətlər mövcuddur,” – o əlavə edib.
Mənbə: Report.az