Azərbaycanda problemli girovların yaranmasının əsas səbəblərindən biri qiymətləndirmə hesabatlarının lazımi səviyyədə təhlil edilməməsidir.
Bunu Nüsrət İbrahimov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir çox hallarda banklar girov predmetləri üzrə təqdim olunan qiymətləndirmə hesabatlarının yalnız yekun dəyərinə diqqət yetirirlər. Halbuki hesabatın digər bölmələri də risklərin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Nəticədə kredit portfellərində yaranan bəzi problemlərin kökündə düzgün aparılmayan qiymətləndirmə və ya qiymətləndirmə hesabatlarının tam təhlil olunmaması dayanır. Banklarda girov portfelləri ilə bağlı yaranan problemlərin bir hissəsi məhz qiymətləndirmədən qaynaqlanır”, – deyə N. İbrahimov vurğulayıb.
AQP sədri qeyd edib ki, qiymətləndirmə hesabatlarında yalnız əmlakın dəyəri deyil, həmçinin beynəlxalq standartlara uyğunluq, risk faktorları, ekoloji göstəricilər və digər vacib məqamlar da nəzərə alınmalıdır.
Onun sözlərinə görə, gələcəkdə bu kimi problemlərin qarşısının alınması məqsədilə sistemin ilkin mərhələdə daha effektiv qurulması vacibdir. Bu istiqamətdə Azərbaycan Banklar Assosiasiyası və ayrı-ayrı banklarla müzakirələr aparılır.
N. İbrahimov əlavə edib ki, Palata qiymətləndirmə hesabatlarının vahid standartlar əsasında hazırlanması və qəbul olunması ilə bağlı təkliflər təqdim edib. O bildirib ki, yeni beynəlxalq qiymətləndirmə standartları çərçivəsində ekoloji, sosial və idarəetmə (ESG) faktorlarının nəzərə alınması gələcəkdə daha da aktuallaşacaq və bankların risk idarəetmə sistemlərinə inteqrasiya edilməlidir.
Mənbə: “Report”