Qlobal bazarlarda enerji və qiymətli metallar fərqli istiqamətlərdə hərəkət edir. ABŞ Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində İran gəmisini ələ keçirməsi və Hörmüz boğazındakı gərginlik neft və qaz qiymətlərini “şahə” qaldırsa da, dolların güclənməsi qızılı təzyiq altında saxlayaraq ucuzlaşdırıb. Bazar ertəsi günü ticarət sessiyasının açılışında Brent markalı neftin qiyməti 7,9% artaraq 96,25 dollara yüksəldiyi halda, spot qızılın qiyməti dolların “təhlükəsiz liman” statusunu bərpa etməsi ilə 4,800 dollar səviyyəsindən aşağı düşüb.
Gərginlik həm dənizdə, həm də diplomatik müstəvidə pik həddədir. Tehranın Hörmüz boğazını yenidən bağlaması və həftəsonu gəmilərə atəş açılması bazarları qeyri-müəyyənliyə sürükləyib. ABŞ rəsmiləri blokadanın davam edəcəyini bildirərkən, analitiklər enerjidə yaranan bu tədarük şokunun qlobal inflyasiyanı yenidən alovlandıracağını vurğulayırlar. Məhz bu inflyasiya qorxusu və mərkəzi bankların faiz dərəcələrini yüksək saxlayacağı gözləntisi, faiz gətirməyən aktiv olan qızılın cəlbediciliyini azaldaraq onun qiymətini aşağı çəkir.
Hazırda bütün diqqətlər Pakistanda keçirilməsi planlaşdırılan sülh danışıqlarına yönəlib. Lakin atəşkəs razılaşmasının müddətinin bu çərşənbə günü başa çatması və qarşılıqlı hərbi addımlar enerji böhranının daha da dərinləşə biləcəyi ehtimalını gücləndirir. Dünyanın ən mühüm enerji dəhlizlərindən biri olan Hörmüz boğazındakı bu tıxanma, 1970-ci illərin neft böhranından bəri ən böyük tədarük şoku kimi qiymətləndirilir.