Dünya bazarlarında qızılın qiyməti bir troya unsiyası üçün 4 880 ABŞ dollarını ötüb. Son günlər qızılın qiymətində müşahidə olunan ardıcıl artım investorlar və bazar iştirakçıları arasında “bahalaşma davam edəcəkmi?” sualını aktuallaşdırıb.
Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-a açıqlamasında bildirib ki, qızılın dünya bazarında bahalaşması həm siyasi, həm də iqtisadi faktorlarla bağlıdır.
Onun sözlərinə görə, artan geosiyasi risklər qızılı investorlar üçün əsas “təhlükəsiz liman”lardan birinə çevirib:
“Son günlər ABŞ-nin bəzi Avropa ölkələrinə tarif təhdidləri, eləcə də geosiyasi gərginliyin artması qlobal bazarlarda qeyri-müəyyənliyi gücləndirib. Bu fonda investorlar riskli maliyyə alətlərindən uzaqlaşaraq real aktivlərə, xüsusilə də qızıla yönəlirlər”.
İqtisadçı qeyd edib ki, beynəlxalq səhm bazarlarındakı dalğalanmalar və inflyasiya təzyiqləri də qızılın qiymətinə əlavə dəstək verir. Bundan başqa, dolların zəifləməsi fonunda bir çox mərkəzi banklar qızıl ehtiyatlarını artırır. Xüsusilə inkişaf etməkdə olan ölkələr dollar asılılığını azaltmaq məqsədilə qızıl alışlarını genişləndirir ki, bu da fiziki tələbi artırır.
“Hazırda bu gərginliklər fonunda qızılın unsiyası 4 666–4 689 dollar aralığına qədər yüksəlib”, – deyə V.Əhmədova bildirib.
Onun sözlərinə görə, qızılın dünya bazarında rekord səviyyəyə qalxması Azərbaycan bazarına da birbaşa təsir göstərir:
“Qlobal bazarlardakı artım yerli zərgərlik və investisiya məhsullarına tələbi yüksəldir. Doğrudur, Azərbaycanda əhalinin əsas investisiya aləti daha çox dollar hesab olunur, lakin qiymətli metallara marağın artması portfellərin diversifikasiyasını genişləndirir”.
İqtisadçı vurğulayıb ki, hazırda ölkədə 24 karat qızılın unsiyası təxminən 4 700 ABŞ dolları səviyyəsindədir və son bir həftə ərzində qiymət artımı təxminən 32,8 dollar təşkil edib. Onun proqnozuna görə, 2026-cı ilin ilk yarısında qızılın qiyməti 5 050 dollar/unsiyaya qədər yüksələ bilər.
“Xarici mənbələrdə də 2026-cı ilin sonuna doğru qiymətlərin daha yüksək səviyyələrə çatma ehtimalı qeyd olunur. Əgər geosiyasi risklər və maliyyə qeyri-müəyyənliyi davam edərsə, bu ssenari real görünür. Federal Reserve System və digər mərkəzi bankların faiz siyasəti, dolların məzənnəsi və mərkəzi bankların qızıl alışları qiymət artımına təsir edən əsas makroiqtisadi amillərdir”, – deyə V.Əhmədova əlavə edib.
Onun fikrincə, Azərbaycan qızıl bazarı beynəlxalq trendlərdən ciddi şəkildə asılıdır və dünya bazarında bahalaşma davam edərsə, bu proses yerli bazardan da yan keçməyəcək. “Qısası, artımın sürəti qlobal bazar dinamikası ilə birbaşa bağlıdır”, – deyə iqtisadçı yekunlaşdırıb.