Qlobal fond və istiqraz bazarları həftəyə ehtiyatlı, amma müsbət gözləntilərlə başlayıb.
BBN.az xəbər verir ki, investorların diqqəti bu həftə keçiriləcək Federal Reserve iclasına yönəlib. Gözləntilərə görə, ABŞ Mərkəzi Bankı iqtisadiyyatı dəstəkləmək üçün çoxdan gözlənilən faiz endirimini həyata keçirə bilər.
Səhmlər Asiya sessiyasında nisbətən sakit ticarət edilir. Nikkei indeksi sabit qalsa da, Wall Street fyuçersləri cüzi artım göstərir. Çin bazarlarında isə əhval-ruhiyyə daha yaxşıdır — ölkənin noyabr ixrac göstəriciləri proqnozlardan yüksək çıxaraq investorların nikbinliyini artırıb.
Fed-in bu həftə verəcəyi qərar bazarlar üçün ilin ən gərgin və ən çox müzakirə olunan iclaslarından biri olacaq. Bazar fyuçersləri faizlərin 0.25 bənd endirilməsi ehtimalını 85% səviyyəsində qiymətləndirir. Bu səbəbdən faizlərin sabit saxlanılması “bazar üçün sarsıdıcı qərar” kimi qəbul edilə bilər.
Reuters-in 108 analitik arasında keçirdiyi sorğu da həmin ehtimalları təsdiqləyir: yalnız 19 ekspert Fed-in heç bir dəyişiklik etməyəcəyini düşünür. Çoxluq isə inflyasiyadakı yumşalma və iqtisadi aktivliyin zəifləməsi fonunda Fed-in addım atmasını gözləyir.
Digər mərkəzi banklarda isə qərarların sabit qalacağı ehtimal edilir. Bu həftə Kanada, İsveçrə və Avstraliyanın məzəli banklarının faizləri dəyişmədən saxlayacağı proqnozlaşdırılır.
Qlobal bazarların diqqəti indi çərşənbə gününə yönəlib — Fed-in verəcəyi qərar həm valyuta bazarlarında, həm əmtəə qiymətlərində, həm də kriptovalyutalarda yaxın günlərin istiqamətini müəyyən edəcək.