Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev bildirib ki, rəqəmsal maliyyə sistemlərinin inkişafı istehlakçıların qorunmasından asılıdır. Bu barədə “Report” xəbər verir.
T. Əliyev Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda çıxışı zamanı vurğulayıb ki, son illərdə rəqəmsallaşma qlobal maliyyə sisteminin əsas sütununa çevrilib:
“Elektron ticarət, mobil bankçılıq və innovativ fintex həlləri sayəsində xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər təkcə rahatlıq deyil, həm də maliyyə inklüzivliyinin genişlənməsinə və yeni biznes modellərinin yaranmasına xidmət edir”.
O əlavə edib ki, innovasiyaların sürətli tətbiqi ilə yanaşı, kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələləri daha da aktuallaşır:
“Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu məqsədlə rəqəmsal maliyyə savadlılığının üç əsas komponenti diqqət mərkəzində saxlanılmalıdır”.
Sədr müavini üç əsas komponenti belə izah edib:
-
Rəqəmsal bankçılıq bacarıqlarının inkişafı – elektron pul kisələrindən və müasir ödəniş alətlərindən düzgün və effektiv istifadə.
-
Strateji planlama – vətəndaşların rəqəmsal alətlər vasitəsilə xərclərini təhlil etməsi və səmərəli investisiya qərarları verməsi.
-
Rəqəmsal təhlükəsizlik qaydalarının mənimsənilməsi – güclü şifrələrin yaradılması və fişinq kimi kiberhücumlardan qorunma yollarının öyrənilməsi, istehlakçıların şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi.