Rəqəmsal ödənişlərdə fırıldaqçılığa qarşı mübarizə gücləndirilir

Seymur Eyvazlının “Vergiler.az” elektron qəzetinə müsahibəsi
ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə” üzrə Ekspert Qrupunun üzvü

– 1-ci rüblə müqayisədə 2-ci rübdə ölkədaxili rəqəmsal fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi azalıb. Buna hansı amillər təsir edib?

Ümumilikdə baxdıqda, həm maliyyə təşkilatları (banklar, ödəniş xidmətləri göstərən şirkətlər və s.), həm Azərbaycan Mərkəzi Bankı, həm də Daxili İşlər Nazirliyi tərəfindən bu istiqamətdə ardıcıl tədbirlər görülür. Xüsusilə Mərkəzi Bank və DİN maliyyə təşkilatları ilə daimi əlaqə saxlayır.
Digər tərəfdən, maliyyə təşkilatları da fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə göstərilən xidmətlərin və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparır. Bu tədbirlərin nəticəsi olaraq ölkədaxili əməliyyatlarda azalma müşahidə olunur.

– Bankların rəqəmsal infrastrukturunun mövcud vəziyyətini necə qiymətləndirmək olar?

Fırıldaqçılıq əməliyyatlarının qarşısının alınmasında əsas yük bankların, ödəniş təşkilatlarının və digər maliyyə qurumlarının üzərinə düşür. Bu baxımdan, maliyyə təşkilatları öz rəqəmsal infrastrukturunda mütəmadi olaraq düzəlişlər və texnoloji yenilənmələr həyata keçirir. Risklərin azaldılması üçün monitorinq, identifikasiya və təhlükəsizlik sistemləri gücləndirilir.

Eyni zamanda Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən banklar arasında koordinasiyanın gücləndirilməsi, vahid yanaşmaların formalaşdırılması, məlumat mübadiləsinin təşkili və maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür.

– AMB-nin hesabatında ölkəxarici fırıldaqçılıq əməliyyatlarının artdığı qeyd olunur. Bunun əsas səbəbi nədir?

Ölkəxarici fırıldaqçılıq əməliyyatlarında əsasən phishing halları üstünlük təşkil edir. Müxtəlif saxta veb-səhifələr, kampaniyalar, lotereyalar və oxşar üsullarla vətəndaşların kart məlumatları ələ keçirilir və sonradan bu məlumatlardan fərqli məqsədlərlə istifadə olunur.

– Bu cür əməliyyatların qarşısını almaq üçün hansı tədbirlər görülür?

Maliyyə təşkilatları tərəfindən fırıldaqçılığı aşkarlayan və qarşısını alan mexanizmlər mütəmadi olaraq təkmilləşdirilir. Paralel olaraq vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Vətəndaşlara tövsiyə olunur ki, şübhəli veb-səhifələrə daxil olmasınlar, məlumatın düzgünlüyünü yoxlamadan kart məlumatlarını paylaşmasınlar və yalnız rəsmi mənbələrdən gələn elanlara etibar etsinlər.

– Rəqəmsal əməliyyatlar zamanı fırıldaqçılıqdan qorunmaq üçün vətəndaşlara nə tövsiyə edərdiniz?

Qeyd etmək istərdim ki, birdəfəlik şifrə (OTP) ilə təsdiqlənmiş əməliyyatlar üzrə ödənişlərin geri qaytarılması, demək olar ki, mümkün olmur. Buna görə də vətəndaşlar birdəfəlik şifrə göndərilən bildirişlərdə məbləği, ödəniş edilən ticarət obyektini diqqətlə nəzərdən keçirməlidirlər.
Şəxsi və kart məlumatlarının qorunması hər bir istifadəçinin əsas məsuliyyətidir.

Related posts

Azərbaycanda SWIFT-ə alternativ pul köçürmə sistemi hazırlanır

Azərbaycanda yaşlı nəsil hələ də banklara etibar etmir — AzFina sədri

Azərbaycanda kriptovalyuta və virtual aktivlərin tənzimlənməsi üzrə sənəd hazırlanır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı