2026-cı ilin sentyabr ayından etibarən Rusiyada ödəniş sisteminin fəaliyyət qaydalarında genişmiqyaslı dəyişikliklər tətbiq olunacaq. Yeni qaydalar əməliyyatlar barədə məlumatların ötürülməsi, QR-kod vasitəsilə ödənişlər və vətəndaşların bank kartlarının uçotu mexanizmlərini əhatə edəcək.
Əsas yeniliklərdən biri Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin (Rosfinmonitorinq) Milli Ödəniş Kartı Sistemi (NPSK) vasitəsilə həyata keçirilən əməliyyatlar barədə məlumatlara birbaşa çıxış əldə etməsi olacaq.
Beləliklə, qurum artıq bankların vasitəçiliyinə ehtiyac olmadan Sürətli Ödənişlər Sistemi (SBP), universal ödəniş QR-kodları və milli ödəniş sistemi kartları üzrə məlumatları NPSK-dan tələb edə biləcək. Bununla belə, banklar da məlumatların təqdim edilməsi öhdəliyini hələlik saxlayacaq. Gələcəkdə məlumatların iki dəfə ötürülməsi praktikasından imtina edilməsi mümkündür.
Ödənişlərdə vahid QR-kod tətbiq olunacaq
Rusiyada ödənişlərin qəbulu zamanı universal QR-koddan istifadə də məcburi olacaq. Hazırda ticarət obyektlərində müxtəlif banklara və SBP-yə məxsus bir neçə QR-koddan istifadə edilə bilir. Bəzi bankların mobil tətbiqləri isə digər kredit təşkilatlarının QR-kodlarını oxumaya bilir.
NPSK tərəfindən təqdim ediləcək vahid QR-kod bu uyğunsuzluğu aradan qaldıracaq.
Müştəri QR-kodu skan etdikdən sonra ödəniş üsulunu seçə biləcəyi səhifəyə yönləndiriləcək. Burada SBP, bankın öz ödəniş xidməti, taksit və ya rəqəmsal rubl kimi müxtəlif seçimlər təqdim oluna bilər.
Mövcud ödəniş üsullarının siyahısını satıcı və onun xidmət göstərən bankı müəyyən edəcək. Bununla belə, müştərinin QR-koddan istifadə etməsi məcburi olmayacaq və o, alternativ ödəniş üsulunu seçə biləcək.
Bank kartlarının vahid uçotu aparılacaq
Digər mühüm dəyişiklik isə NPSK-nın idarə edəcəyi bank kartlarının vahid uçot sisteminin yaradılmasıdır.
Banklar müştərilərə verilmiş və bağlanmış kartlar barədə məlumatları, eləcə də onların VÖEN-lərini sistemə ötürəcəklər. Bununla da bir şəxsin müxtəlif banklarda ümumilikdə neçə ödəniş kartına sahib olduğu müəyyən ediləcək.
Bu məlumat bazası gələcəkdə bank kartlarının sayına tətbiq ediləcək məhdudiyyət üçün əsas olacaq.
Belə ki, 2027-ci il sentyabrın 1-dən etibarən bir vətəndaşın 20-dən çox ödəniş kartına sahib olmasına icazə verilməyəcək.
Məhdudiyyətə əsas və əlavə kartlarla yanaşı, virtual kartlar və ayrıca məhsul kimi, öz nömrəsi ilə buraxılan ödəniş stikerləri də daxil ediləcək.
Elektron pul kisələri isə bu reyestrə daxil edilməyəcək. Yəni məhdudiyyət bank hesablarına və elektron pul kisələrinə deyil, məhz ödəniş kartlarının sayına şamil olunacaq.
Məqsəd dələduzluq və “dropper” sxemləri ilə mübarizədir
Yeni tədbirlərin əsas məqsədi ödənişlərin şəffaflığını artırmaq və “dropper”lər tərəfindən istifadə olunan sxemlərin qarşısını almaqdır.
İqtisadçı Maksim Çirkovun sözlərinə görə, NPSK üzərindən mərkəzləşdirilmiş nəzarət şübhəli əməliyyatların daha operativ müəyyən edilməsinə imkan verə bilər. Kartların sayına tətbiq ediləcək limit isə kölgə sxemlərində istifadə üçün çoxsaylı ödəniş vasitələrinin kütləvi şəkildə buraxılmasını çətinləşdirə bilər.
Bununla belə, ekspert hesab edir ki, yeni qaydalar sui-istifadə hallarını tamamilə aradan qaldırmayacaq. Burada əsas amillərdən biri hüquq pozuntularına görə cəzanın qaçılmazlığı olaraq qalır.
Vahid məlumat bazası ilə bağlı risklər də var
Mütəxəssislər həssas məlumatların vahid bazada cəmlənməsi ilə bağlı mümkün risklərə də diqqət çəkirlər.
İqtisadçı Lazar Badalovun sözlərinə görə, istənilən mərkəzləşdirilmiş sistem məlumat sızması təhlükəsi yaradır. Müştərinin neçə və hansı növ kartının olduğu, həmçinin hansı banklarda hesablarının mövcudluğu barədə məlumatların kibercinayətkarların əlinə keçməsi dələduzluq məqsədilə istifadə oluna bilər.
Adi istifadəçilər üçün isə dəyişikliklərin böyük hissəsi “fon rejimində” baş verəcək. Vətəndaşların gündəlik həyatında ən nəzərəçarpacaq yenilik ödəniş zamanı vahid QR-kodun tətbiqi olacaq. Digər proseslər isə banklar, ticarət obyektləri və tənzimləyici qurumlar səviyyəsində həyata keçiriləcək.
Məlumatı “Newizv” portalı yayıb.