Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Cari ilin 17 iyul tarixində Almaniya Əməkdaşlıq Təşkilatının (GİZ) təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan olan İKT və kibertəhlükəsizlik assosiasiyaları, universitet və İT klasterləri arasında görüş baş tutub.

Qeyd olunan görüş GİZ təşkilatının “Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta müəssisələrin rəqəmsal transformasiyası” Proqramı çərçivəsində keçirilib. Görüşün məqsədini tərəfdaşların qarşılıqlı tanıtımı və ortaq maraqlar əsasında gələcək əməkdaşlığın qurulmasının təşviq edilməsi olub. Qeyd edilib ki, tərəfdaşlar arasında güclü əməkdaşlığın formalaşdırılması kiçik və orta biznes subyektlərinin (KOB-ların) rəqəmsallaşması və kibertəhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr verə bilər.

GİZ Azərbaycan ofisinin moderatorluğu ilə keçirilən görüşdə ölkəmizi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyəti, inzibati heyətin nümayəndələri və AKTA üzvləri təmsil edib. Görüşdə AKTA İdarə Heyətinin sədri Elvin Balacanov assosiasiyanın fəaliyyət istiqamətləri, məqsəd və hədəfləri, habelə görülmüş işlərə dair təqdimatla çıxış edib. AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov “KOB-ların rəqəmsal və təhlükəsiz transformasiyasına dəstək” adlı layihə təklifini iştirakçıların diqqətinə çatdırıb.

Görüşün sonunda əməkdaşlığın genişləndirilməsi və mümkün layihələrin icrası məqsədilə əlavə görüşlərin və məlumat mübadiləsinin aparılması qərara alınıb. Qeyd edək ki, görüşdə GİZ təşkilatının Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ofisləri, habelə Moldovanın İKT və İnternet Assosiasiyaları, Ukraynanın Milli Texniki Universiteti, Xarkov İT klasteri, Elmi Kibertəhlükəsizlik və İT Assosiasiyaları iştirak edib.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı