“Səyyar kofe evləri” layihəsi üzrə 20 nəfər gəncə kiçik bizneslərini qurmaları üçün aktivlər verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən “Səyyar kofe evləri” layihəsinin iştirakçılarına aktivlər təqdim edilib. 

Layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən, 35 yaşadək 20 nəfər işsiz şəxsə səyyar kofe satışı istiqaməti üzrə kiçik bizneslərini qurmaları üçün lazımi avadanlıqlar verilib. Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində onlar kofe treyleri, qəhvə maşını və qəhvə üyütmə maşını ilə təmin olunublar.

Aktivlərin təqdim olunması tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, layihə iştirakçıları və digər qonaqlar iştirak ediblər. 

Qeyd olunub ki, özünüməşğulluq proqramının fəaliyyət sahələri yeni layihələr əsasında daha da genişlənir. “Səyyar kofe evləri” layihəsi də yeni özünüməşğulluq istiqamətini formalaşdırır və bu sahədə çalışmaq istəyən gənclərin həmin istiqamətdə kiçik biznesə çıxışına dəstək məqsədi daşıyır. Layihə iştirakçılarının seçimi zamanı sosial cəhətdən həssas qruplara aid olan, barista sahəsində müəyyən təcrübəyə malik şəxslərə üstünlük verilib. Benefisiarlar üçün “Lavazza Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində peşə təlimləri, KOBİA tərəfindən isə biznes təlimləri təşkil olunub. Həmin gənclərin səyyar kofe satışı üzrə fəaliyyəti üçün ərazilərin müəyyənləşdirilməsi və xüsusi icazələrin alınması da təmin edilib.  

Related posts

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı