Böyük Britaniyada, qiymətlərin ölçü göstəricisi – illik inflyasiya sentyabrda 10.1% olub. Bu isə son 40 ilin, yaxud 1980-ci ildən bəri ən yüksək nəticədir və görünür ki, artan qiymətlər ailələrin büdcəsini sıxmağa davam edəcək. Hesabatdakı rəqəmlər iqtisadçıların gözləntilərindən çoxdur, belə ki, onlar qeyd edilən dövrdə illik inflyasiyanın 10% olacağını təxmin edirdilər.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Milli Statistikalar Bürosundan verilən məlumata, əsasən ən yüksək inflyasiya ərzaqda müşahidə edilib, bura çörək, ət, süd məhsulları və s. üzrə olub.
İnflyasiya avqustda isə cüzi azalma – 9.9% nümayiş etdirmişdi. Ölkənin Mərkəzi Bankından (Bank of England) isə bildirirlər ki, 2022-ci ildə inflyasiya özünün pik həddinə 11% çatacaq. İnflyasiyanı yüksəkdə saxlayan əsas amillər isə ərzaq, enerji və nəqliyyat qiymətləri ilə bağlı olub.
Büronun iqtisadi statistikalar üzrə direktoru Darren Morgan isə qeyd edib ki, “Ötən ay kiçik azalmadan sonra, inflyasiya yayın əvvəlində müşahidə edilən yüksək göstəricilərə geri qayıdıb”.
Bir neçə həftə əvvəl isə ipoteka kreditləri ilə bağlı qiymətlər də özünün son 14 ildəki ən yüksək nəticəsinə çatmışdır.