Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq.
Bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş “Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı paneldə bildirib.
Bildirib ki, SOCAR fəaliyyət istiqamətlərini genişləndirərək enerji və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrə investisiya yatırır: “SOCAR fəaliyyətə neft şirkəti kimi başlayıb, daha sonra neft-qaz şirkətinə, sonrakı mərhələdə isə bərpa olunan enerji mənbələrini və kombinə edilmiş qaz-turbin elektrik stansiyalarını portfelinə daxil etməklə enerji şirkətinə çevrilib. Şirkətin növbəti inkişaf mərhələsi data mərkəzləri və süni intellekt infrastrukturu sahəsi ilə bağlıdır. Enerji sektorundakı bir çox şirkətlər kimi, biz də data mərkəzləri və süni intellekt sahəsinə investisiya yatırırıq. Uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli qalmaq üçün bu istiqamət strateji əhəmiyyət daşıyır”.