Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial mediada yayılan kütləvi ixtisarlarla bağlı iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Bu barədə SOCAR “Report“un sorğusuna cavab olaraq məlumat yayıb.
Bildirilib ki, sosial media resurslarında yayılan rəqəmlər və iddialar heç bir rəsmi mənbəyə əsaslanmır. Şirkətin məlumatına görə, 2024–2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici cəmi 2,4 % təşkil edib ki, bu da şirkətin əmək bazarında sabit işəgötürən olduğunu göstərir. Qeyd olunub ki, işçi dövriyyəsinin böyük hissəsi təbii axın hesabına baş verib.
SOCAR vurğulayıb ki, 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindən biri korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının dayanıqlı inkişafının təmin edilməsidir. Bu çərçivədə görülən tədbirlərin təşkilati strukturun təkmilləşdirilməsi, resursların daha səmərəli idarə olunması məqsədi daşıdığı və əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirildiyi bildirilib.
Şirkət həmçinin ESG sahəsində əldə etdiyi beynəlxalq qiymətləndirmələri də xatırladıb. Belə ki, 2025-ci ildə Sustainable Fitch tərəfindən SOCAR-ın ESG fəaliyyəti “ER3” reytinqi ilə qiymətləndirilib. Bundan əvvəl isə şirkət MSCI (Morgan Stanley Capital International) tərəfindən “BBB” səviyyəsində ESG reytinqi alaraq Xəzər regionunda bu göstəriciyə nail olan ilk enerji şirkəti olub.
Məlumatda qeyd edilib ki, SOCAR Qrupuna daxil olan hər bir müəssisə ayrıca hüquqi şəxs və işəgötürən kimi fəaliyyət göstərir və əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, işçilərin hüquqlarının qorunması və korporativ idarəetmə prinsiplərinə uyğun tənzimlənir.
Sonda SOCAR ictimaiyyəti və maraqlı tərəfləri şirkətlə bağlı məlumatlarda yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.