Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın milli şirkəti KazMunayQaz (KMQ) ilə dekarbonizasiya sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edib.
Görüş Astanada keçirilən RES 2026 çərçivəsində baş tutub.
Məlumata görə, tərəflər istixana qazı tullantılarının azaldılması sahəsində təcrübə mübadiləsi planlarını, eləcə də dekarbonizasiya istiqamətində birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər.
Görüşdə həmçinin KMQ, SOCAR və Özbəkneftqaz şirkətlərini birləşdirən Metan Tullantılarının Azaldılması üzrə Xəzər Akseleratorunun əhəmiyyəti xüsusi vurğulanıb. Layihə təcrübə mübadiləsinə və “yaşıl” təşəbbüslərə investisiyaların cəlb olunmasına yönəlib.
KMQ-də bildirilib ki, şirkət tullantıların davamlı şəkildə azaldılması, ekoloji təmiz enerjinin inkişafı üçün innovativ həllərin tətbiqi, infrastrukturun modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini davam etdirəcək.
Qeyd olunub ki, KMQ Oil and Gas Methane Partnership (OGMP 2.0) təşəbbüsü çərçivəsində artıq üçüncü ildir metan tullantıları üzrə monitorinq və hesabatlılığın beynəlxalq standartlarını tətbiq edir.
Şirkət həmçinin 2025-ci ilin yekunlarına görə qazın məşəldə yandırılması həcmini 39 milyon kubmetrə qədər azaldıb. Bu, 2017-ci ildə qeydə alınmış 300 milyon kubmetrdən çox göstərici ilə müqayisədə 86 % azalma deməkdir.
Bundan əlavə, aviasiya monitorinqi də daxil olmaqla ölçmə kampaniyaları həyata keçirilib və nəticədə KMQ-nin bir sıra aktivləri OGMP 2.0 standartı üzrə ən yüksək hesabatlılıq səviyyələrinə (4 və 5) çatıb.