Yaponiyanın texnologiya nəhəngi “SoftBank Group” süni intellekt yatırımlarını sürətlə genişləndirmək məqsədilə süni intellekt giantı “OpenAI”dəki mülkiyyət payını girov qoyaraq 10 milyard dollar dəyərində marja krediti sazişi imzalayıb. “Goldman Sachs”, “JPMorgan Chase”, “Mizuho Securities”, “Apollo Global Funding” və “Sumitomo Mitsui Banking” kimi aparıcı maliyyə institutları ilə razılaşdırılan bu iki illik kredit xəttinin cari ayda istifadəyə başlanacağı və qrupun ümumi korporativ ehtiyacları ilə yanaşı, “Vision Fund II-2” fondunun tələbatına yönəldiləcəyi bildirilir. Sözügedən maliyyələşmə “SoftBank”ın əvvəllər “OpenAI” yatırımları üçün əldə etdiyi rekord səviyyəli 40 milyard dollarlıq körpü kreditindən sonra gəlir və şirkətin oktyabr ayınadək ümumi yatırımlarını təxminən 65 milyard dollara çatdırmaq planının mühüm bir hissəsini təşkil edir. Qeyd edək ki, ilkin mərhələdə özəl şirkət səhmlərinin qiymətləndirilməsindəki çətinliklər səbəbindən müzakirələr ləngisə də, “SoftBank”ın korporativ zəmanət təqdim etməsi ilə tərəflər razılığa gəliblər, lakin OpenAI-ın imtiyazlı səhmlərinin dəyərində kəskin eniş olacağı təqdirdə əlavə nağd təminat və ya vaxtından əvvəl ödəniş tələbləri kimi risk şərtləri də sazişdə yer alıb.