S&P Global reytinq agentliyi hesab edir ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə razılaşmanın yekunlaşmasından sonra Özbəkistanın Davr-Bank bankının reytinqi yüksələ bilər.
Bu barədə reytinq agentliyinin açıqlamasında bildirilib.
Məlumata görə, 2026-cı il mayın 8-də ABB “Davr-Bank”ın nizamnamə kapitalının 51 %-ni əldə etmək niyyətini açıqlayıb. “S&P Global” qeyd edib ki, razılaşma yekunlaşdıqdan sonra “Davr-Bank”ın reytinqləri ABB Qrupunun dəstəyindən faydalanacaq.
Bununla əlaqədar olaraq, “Davr-Bank”ın emitentin uzunmüddətli kredit reytinqi “B” səviyyəsində müsbət proqnozla “CreditWatch” siyahısına daxil edilib. Bankın qısamüddətli reytinqi isə “B” səviyyəsində təsdiqlənib.
Reytinq agentliyi gözləyir ki, tənzimləyici təsdiqlər alındıqdan və razılaşma bağlandıqdan sonra bankın reytinqi “CreditWatch” siyahısından çıxarılacaq. Bu prosesin 2026-cı ilin ikinci yarısında tamamlanacağı proqnozlaşdırılır.
Analitiklərin fikrincə, “Davr-Bank” ABB Qrupunun tərkibinə daxil olacaq və birləşmiş qrup bankın müstəqil kredit profilindən daha yüksək kredit qabiliyyətinə malik olacaq. Bu isə “Davr-Bank”ın reytinqinin bir pillə yüksəlməsinə səbəb ola bilər.
Qeyd olunub ki, “Davr-Bank” ABB Qrupunun ümumi aktivləri və kapitalının təxminən 10-11 %-ni təşkil edəcək.
“S&P Global”ın məlumatına görə, “Davr-Bank”ın öz kapitalının rentabelliyi son illərdə 35 %-dən yuxarı olub və 2025-ci ildə 35,6 % təşkil edib. Agentlik yaxın üç il ərzində bu göstəricinin 20-25 %-dən yüksək səviyyədə qalacağını gözləyir.
Bildirilir ki, razılaşma ABB-nin beynəlxalq genişlənmə və regional oyunçu kimi mövqeyini gücləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur. Razılaşmadan sonra bankın adının “ABB Davr-Bank” olaraq dəyişdirilməsi planlaşdırılır.
Reytinq agentliyi həmçinin “Davr-Bank”ın kapitallaşmasının sabit qalacağını vurğulayıb. Belə ki, riskə uyğunlaşdırılmış kapital (RAC) nisbəti 2024-cü ildəki 9,5 %-dən 2025-ci ildə 10,9 %-ə yüksəlib. Güclü gəlirlilik və xalis mənfəətin tam kapitallaşdırılması hesabına bu göstəricinin növbəti 12-18 ay ərzində 10-10,3 % diapazonunda qalacağı gözlənilir.
“S&P Global”ın baza ssenarisinə əsasən, 2026-2027-ci illərdə razılaşmanın maliyyələşdirilməsi üçün əlavə səhm emissiyası və ya səhmdarlar tərəfindən kapital inyeksiyası nəzərdə tutulmur.