İtaliya Mərkəzi Bankının – Banca d’Italia-nın araşdırmasına görə, stablecoin-lərlə beynəlxalq pul köçürmələri ənənəvi kanallarla müqayisədə sistemli şəkildə nə daha ucuz, nə də daha sürətlidir.
Araşdırmada USD Coin (USDC) stablecoin-i ilə İtaliya və bir sıra ölkələr arasında 200 ABŞ dolları ekvivalentində köçürmələr sınaqdan keçirilib. Nəticələrə görə, ümumi əməliyyat xərcləri marşrutdan asılı olaraq 0,3%-dən təxminən 9%-ə qədər dəyişib.
Əsas xərc blokçeyn üzərində köçürmənin özündən deyil, vəsaitin adi valyutadan stablecoin-ə çevrilməsi və sonradan yenidən yerli valyutaya dəyişdirilməsi mərhələlərindən yaranıb.
Sürət baxımından da nəticələr fərqli olub. Ani ödəniş sistemlərinin mövcud olduğu ölkələrdə əməliyyat 20 dəqiqədən az çəkdiyi halda, bəzi hallarda proses 1–2 iş gününə qədər uzanıb.
Banca d’Italia-nın əsas nəticəsi budur ki, stablecoin-in blokçeyn üzərində sürətli və ucuz ötürülməsi bütün köçürmə prosesinin avtomatik olaraq daha sərfəli olması demək deyil. Ümumi xərc və sürət yerli bank infrastrukturu, valyuta konvertasiyası və kripto platformalarının tariflərindən ciddi şəkildə asılıdır.
Mənbə: Banca d’Italia, Are Stablecoins Efficient for Remittances?