Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib.
Bununla bağlı İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişiklikləri imzalayıb.
Yeni dəyişikliklərə əsasən, investisiyaların dövlət tərəfindən alınmasının əlavə bir əsası müəyyən edilib. Bu əsas strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya ölkənin milli maraqlarına zidd olan müstəsna halların qarşısının alınması məqsədilə tətbiq olunacaq.
Beləliklə, strateji əhəmiyyətli investisiyaların dövlət tərəfindən alınmasının hüquqi əsasları formalaşdırılıb. Bu proses ümumi qaydada həyata keçiriləcək və investisiyanın alınması zamanı investorlara müvafiq kompensasiya ödəniləcək.
Eyni zamanda, qeyd olunan məqsədlə strateji əhəmiyyətə malik investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.