Sumqayıt şəhəri “İstedad” liseyində STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb

Sentyabrın 21-də Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılış mərasimi olub.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

Onlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb və mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, mərkəzin yaradılması riyaziyyat, informatika, robotiks sahələrində istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, eləcə də şagirdlərin yerli, beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır.

Elm və təhsil naziri Emin Əmrullayev mərkəzin təhsildə yeni yanaşma, həmçinin innovativ tədris metodlarının tətbiqi baxımından əhəmiyyətli olacağını vurğulayıb. 2023 – 2024-cü tədris ilində STEAM əsaslı tədrisin əhatə dairəsinin genişləndirildiyini qeyd edən elm və təhsil naziri bildirib ki, əsas məqsəd təhsil alanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin edilməsi, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, biz güclü insan kapitalını yaratmaq, ölkəmizi innovasiya məkanına çevirmək üçün ilk növbədə dəqiq elmlər, texnologiyalar və İT üzrə bilikləri artırmalı, bu sahədə mütəxəssislər yetişdirməyə nail olmalıyıq. Yeni mərkəz məhz bu rolu oynayacaq. Burada istedadlı şagirdlərin riyaziyyat, kimya, informatika, robotiks sahələrində bilik və bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, innovativ təhsil layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra təhsil müəssisəsinin yeni təmir olunmuş kitabxanasına baxış keçirilib.

Sonda məktəb kollektivi ilə xatirə fotosu çəkdirilib.

Related posts

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı