“TEKNOFEST Azərbaycan” çərçivəsində texnoloji müsabiqələrin qeydiyyat prosesi uğurla yekunlaşıb

Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində məktəblilər, tələbələr və gənc sahibkarların iştirakını nəzərdə tutan müsabiqələrin qeydiyyat prosesi başa çatıb.

1000-ə yaxın gənc müsabiqələrdə iştirak etmək üçün innovativ layihələrini təqdim edib.

“Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Cansat”, “Peyk modelləşdirilməsi” və “Sailplaner” müsabiqələri üzrə çoxsaylı müraciətlər fərdi və qrup şəklində təqdim edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək müsabiqələrə olan yüksək maraqdan danışaraq bildirib: “Sevindiricidir ki, Azərbaycanda 1000-ə yaxın gənc öz innovativ layihə və məhsullarını təqdim etmək üçün beynəlxalq festivala qoşulur. 400-ə yaxın ideya və layihə təklifi isə məhz məktəblilərin payına düşür. İnanıram ki, Azərbaycan gəncləri yaxın gələcəkdə yerli innovativ məhsul və texnologiyaların yaradılmasında və ixracında öz potensiallarını tam göstərə biləcəklər”.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu, kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi və “Take Off Baku” Beynəlxalq Startap Sammitinə qeydiyyat davam edir. “Take Off Baku” Startap Sammitinə son müraciət tarixi 31 mart, “Smart Qarabağ” Hakatonu və “Rocket League” yarışı üçün 1 aprel 2022-ci ildir.

Bildiririk ki, “TEKNOFEST” Türkiyənin ən böyük aviakosmik və texnologiya festivalı olaraq Teknoloji Takımı Vakfının (T3 Vakfı) və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Festivalın Türkiyənin hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bariz nümunəsidir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı