“TEKNOFEST” çərçivəsində bu dəfə “SAILPLANER” adlı yeni bir müsabiqəyə start verildi

Azərbaycanlı tələbələr “TEKNOFEST” Aerokosmik və Texnologiyalar Festivalına hazırlıq çərçivəsində daha bir maraqlı müsabiqədə bilik və bacarıqlarını sınaya biləcəklər.

Məlumat üçün bildiririk ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26-29  may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Festivalın ən maraqlı müsabiqələrindən biri də ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistr pillələrində təhsil alan tələbələr üçün xüsusi olaraq tərtib edilmiş “SAILPLANER”dir. Belə ki, azərbaycanlı tələbələr əfsanəvi “ASW 28” planer modelinin hazırlanmasında yaxından iştirak edə biləcəklər.

Modelin hazırlanması zamanı tələbələr təyyarə gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi  məlumatlarının toplanmasını praktiki olaraq tətbiq edəcəklər.

Müsabiqənin şərtlərinə əsasən “SAILPLANER”də 6 nəfərlik tələbə heyətindən ibarət komandalar iştirak edə bilərlər. Komandalar qrup işinə mütləq şəkildə mentor cəlb etməli və final mərhələsinə kimi sabit tərkibdə təmsil olunmalıdırlar. Həmçinin hər komanda kapitanını öz qrup üzvləri arasından seçməlidir. 

Qeyd etmək istəyirik ki, müsabiqədə iştirak edən komandalara layihənin icrası ilə bağlı müvafiq avadanlıqlardan istifadə etmələri üçün 800 ABŞ dolları civarında texniki dəstək göstəriləcək.

Ali məktəb tələbələri B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı