“Rusiya və Çin Qəzza zolağının yenidən qurulmasının maliyyələşdirilməsində iştirak edə bilər”.
BBN.az xəbər verir ki, bu sözləri Donald Tramp Sülh Şurasının iclasında çıxışı zamanı bildirib.
Tramp Yaponiyanın Qəzza üçün böyük ianə toplama tədbiri keçirmək niyyətində olduğunu deyib. Onun sözlərinə görə, Cənubi Koreya, Filippin və Sinqapur da daxil olmaqla region ölkələri bu prosesə qoşulacaq.
ABŞ prezidenti qeyd edib ki, Qəzzaya yardım məsələsində bütün tərəflər bir araya gəlməlidir. O, yalnız eyni ideologiyaya malik tərəflərlə əməkdaşlığın mənasız olduğunu vurğulayıb.
Yanvar ayında Trampın Rusiyanı yaratdığı Qəzza Sülh Şurasına qoşulmağa dəvət etdiyi açıqlanmışdı.
Vladimir Putin Rusiyanın ABŞ-da dondurulmuş 1 milyard dollarlıq vəsaitini Sülh Şurasına yönəltməyi təklif etdiyini açıqlayıb. Kremlin bu təklifə hələ cavab almadığı bildirilib.