Turizm sənayesi iştirakçılarının növbəti iclası keçirildi

İyulun 29-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının COP29-a həsr olunmuş iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ASK-nın tərkibində fəaliyyət göstərən turizm komissiyası bu sektorun inkişafının monitorinqini keçirir, müzakirələr aparır və hökumətə turizmin inkişafı ilə bağlı tövsiyələr təqdim edir. O əlavə edib ki, konfederasiya öz fəaliyyəti çərçivəsində ölkədə sahibkarlara qeyri-maliyyə dəstəyi göstərir, xüsusilə treninqlər, seminarlar keçirir, konsaltinq xidmətləri göstərir, eləcə də iş adamlarının maraqlarını yerli və beynəlxalq səviyyədə təmsil edir.

ASK-nın “Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev bildirib ki, konfederasiya 50-dən çox ölkədə analoji strukturlarla əməkdaşlıq edir və 25 ölkədə nümayəndəliyə malikdir. Ölkə daxilində isə dövlət-biznes dialoqunda mühüm yer tutan bir qurumdur. Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən assosiasiyaların rəhbərləri “Turizm və xidmət üzrə iş” komissiyasının üzvləri sırasındadır və bu da turizm sahəsində düzgün analizlərin aparılmasına, bu sahədəki mövcud nöqsanların aşkarlanmasına və hökumətə lazımi tövsiyələrin hazırlanıb çatdırılmasına şərait yaradır.

İclasda COP29-la bağlı turizm sənayesinin hazırlıq templəri də müzakirə olunub. Bildirilib ki, COP29 Azərbaycanda indiyə qədər keçirilən beynəlxalq tədbirlərin ən böyüyüdür. Burada təxminən 100 minə yaxın qonağın iştirakı nəzərdə tutulur. Tədbirin lazımi səviyyədə baş tutmasında, gələn qonaqların Azərbaycandan məmnun getməsində ən mühüm vəzifələrdən biri də turizm sənayesinin üzərinə düşür. Bu baxımdan yerləşdirmə yerlərinin sayı, hotellərin bron edilməsi, qiymətlərin müəyyənləşdirilməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hotel əməkdaşlarına treninqlərin keçirilməsi, bu istiqamətdə Azərbaycan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq kimi vacib nüanslar da toplantıda müzakirə edilən məsələlər sırasında yer alıb. Bildirilib ki, ölkədə fəaliyyət göstərən bütün qurumlar, həm dövlət, həm də özəl sektorun nümayəndələri bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.

Related posts

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı