Ölkəmizə səfər çərçivəsində Türk Ticarət və Sənaye Palataları Birliyinin üzvləri və Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti M.Rifat Hisarcıklıoğlu “Bakı KOB evi”ndə olub.
Qonaqlara biznesə vahid məkanda xidmət mərkəzi olan KOB evi modeli barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, KOB evlərində dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. KOB evlərində biznes üçün zəruri xidmətlərin vahid məkanda təqdim olunması sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilib.
Sonra qonaqların KOB evi ilə bağlı sualları cavablandırılıb.