Dayanıqlı maliyyə sahəsində əməkdaşlığın gücləndirlməsini təşviq etmək məqsədilə yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”nın ilk iclası sentyabr ayının 4-də Qazaxıstanın Astana Beynəlxalq Maliyyə Mərkəzində keçirilib.
Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə iclasda çıxışı zamanı yaşıl maliyyənin inkişafı və regional əməkdaşlığın təşviqində Azərbaycan tərəfindən həyata keçirilən təşəbbüsləri vurğulayıb. İclasda üzv təşkilatların və müşahidəçi tərəflərin dayanıqlılıq istiqamətində əməkdaşlığının təşviqi, birgə inkişaf fəaliyyətlərinin genişləndirilməsi kimi mühüm mövzular müzakirə olunub.
Xatırladaq ki, “Türk Yaşıl Maliyyə Şurası”nın fəaliyyəti ötən ilin noyabr ayında Mərkəzi Bankın sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində imzalanmış Memorandum əsasında təşkil olunub. Bu mühüm platforma üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərini göstərir.