Bu ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət yaradılıb.
BBN.az xəbər verir ki, bu barədə Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) məlumatında bildirilib.
Məlumata görə, yeni yaradılan şirkətlərin 12-si səhmdar cəmiyyəti, 104-ü isə məhdud məsuliyyətli cəmiyyət (MMC) olub. Azərbaycan kapitallı şirkətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 90,2% artıb.
Hesabat dövründə yaradılan şirkətlərin ümumi kapitalı 237,237 milyon türk lirəsi (5,026 milyon ABŞ dolları) təşkil edib. Bu göstərici illik müqayisədə 39,6% azalıb.
Ümumi kapitalın 86,4%-i, yəni 204 milyon 930 min türk lirəsi (4,342 milyon ABŞ dolları) Azərbaycan vətəndaşlarının payına düşüb. Bu məbləğ ötən ilin ilk 6 ayı ilə müqayisədə 45,9% azdır.
Təkcə iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 17 şirkət yaradıb. Bu, illik müqayisədə 2,4 dəfə çoxdur. Yeni şirkətlərin 2-si səhmdar cəmiyyəti, 15-i isə MMC olub.
İyun ayında yaradılan şirkətlərin ümumi kapitalı 22 milyon türk lirəsi (466 min ABŞ dolları) təşkil edib ki, bu da illik müqayisədə 47,2% çoxdur. Sözügedən şirkətlərin kapitalının 86,1%-i və ya 18,95 milyon türk lirəsi (401 min ABŞ dolları) azərbaycanlılara məxsus olub.