Azərbaycanda İslam bankçılığı ilə məşğul olan bölmələrin likvidliyini idarə etmək üçün “Sukuk” (İslam istiqrazları) kimi alətlərin yerli bazarda dövriyyəyə buraxılması zəruri hüquqi baza qüvvəyə mindikdən və maliyyə institutlarının (emitentlərin) müvafiq kommersiya təşəbbüsləri formalaşdıqdan sonra mərhələli şəkildə reallaşa bilər.
BBN.az xəbər verir ki, bunu Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Ümeyra İbrahimova eksklüziv açıqlamasında bildirib.
Departament direktorunun sözlərinə görə, Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələn “İnvestisiya alətlərinin çeşidinin artırılması” təşəbbüsü çərçivəsində ölkədə İslam maliyyə məhsulları, o cümlədən “Sukuk” alətləri üzrə hüquqi çərçivənin yaradılması və təşviqi istiqamətində işlər aparılmaqdadır:
“Strategiyadan irəli gələn bu hədəflərin icrası istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş ilkin işlərin davamı olaraq, hazırda müvafiq qanunvericilik bazasının formalaşdırılması prosesi İslam İnkişaf Bankının texniki yardımı çərçivəsində cəlb olunmuş beynəlxalq ekspertlərlə birgə reallaşdırılır”.
Ü.İbrahimova vurğulayıb ki, nəticə etibarilə bu alətlərin bazara çıxışı həm qanunvericilik bazasının tamamlanması, həm də bazar iştirakçılarının kommersiya maraqları ilə birbaşa bağlıdır.